“İndi papaq altında yatan o qədər oğlan var ki...” – MÜSAHİBƏ
12.10.2012 - 16:56
“İndi papaq altında yatan o qədər oğlan var ki...” – MÜSAHİBƏ
“Turan” klubunun prezidenti Yaşar İbrahimovun apasport.az saytına müsahibəsi

- Komandanızın baş məşqçisi postunda edilən dəyişiklik gözlənilməz oldu. Əsgər Abdullayevlə işbirliyinə son qoymaq hansı zərurətdən irəli gəldi?
- Burda nə var ki? Əsgər müəllim illərlə “Turan”ın baş məşqçisi deyildi ki...

- Abdullayev özü getmək istədi?
- Qarşılıqlı anlaşma nəticəsində.

- Klub rəhbəri kimi onun işindən razı idiz?
- Mən həmişə demişəm ki, Abdullayev məşqçi kimi çox yaxşı idi. Ancaq mübariz adam deyildi.

- Məsələn...
- Belə deyim də, üzüyumşaq adam idi.

- Bu görə Abdullayevə irad bildirirdiniz?
- Qardaş, komanda nəticəyə oynamalıdır, yaxşı oyun göstərməlidir. Uduzmaq olar, ancaq bəzi boşluqlar vardı. Buna görə də qarşılıqlı razılıqla ayrıldıq. Burda nə var ki?

- Deyilənlərə görə, Əsgər müəllim vəzifəsindən məcburən qovulub...
- Bunu kim deyirsə, özü üçün deyir də.

- Abdullayev dünənə kimi müsahibəsində postundan getmək fikrində olmadığını, iddialı komanda yaratmaq istədiyini açıqlamışdı. Bu səbəbdən onun qəfil gedişi müəmmalı görünür...
- Hər şey ola bilər. Burda qeyri-adi nəsə yoxdur.

- “Turan” cari mövsümdə elə də zəif təsir bağışlamırdı. Bu dəyişiklik komandaya mənfi təsir göstərməyəcək ki?
- “Xəzər Lənkəran” rəhbərliyi də 3 köməkçi məşqçini birdən qovdu. Bizim məqsədimiz Azərbaycan futboluna xidmət eləməkdi. Ayrı-ayrı adamlara xidmət etmək istəmirik.

- Ayrı-ayrı adamlar deyəndə kimi nəzərdə tutursunuz?
- Burda nə var ki?

- Demək istəyirsiniz ki, Abdullayev sizə dəstək vermirdi?
- Çox yaxşı məşqçidir. Sadəcə, tələbkarlığı yox idi.

- Son söhbətiniz necə oldu: Onu çağırıb, getməyiniz istədiniz, yoxsa özü gəlib, bununla bağlı sizə müraciət etdi?
- Bunun nə mənası var? Biz çağırdıq, yoxsa o gəlib getdi...

- Hər halda, ilk addımın kimdən gəldiyi maraqlıdı...
- Sadəcə, qarşılıqlı razılaşdıq.

- Əsgər müəllimin köməkçiləri ilə bağlı məsələ nə yerdədi?
- Əgər bir yerdə işləyirdilərsə, bir yerdə də getməlidirlər.

- Köməkçi məşqçi Nizami Sadıqov saytımıza Abdullayevin istefasından xəbərsiz olduğunu bildirib...
- Çox adam çox şey deyə bilər. Ancaq məşqçilər korpusu istefaya göndərilib.

- Baş məşqçi postuna Əfqan Talıbovu gətirməyiniz maraqlı oldu. Çünki bu məşqçi xeyli vaxtdır kölgədə qalmışdı...
- İndi Azərbaycanda papaq altında yatan o qədər oğlan var ki... Onları üzə çıxartmaq lazımdır. Bizim də fikrimiz odur ki, Azərbaycanın yaxşı istedadlarını üzə çıxaraq.

- Niyə məhz Talıbov? Bu seçim necə oldu?
- Məsləhət görüldü, razılaşdıq. Talıbovun xüsusiyyətlərini, qabiliyyətini, işini təhlil elədik və gördük ki, bizim komandaya məqsədəuyğundur.

- O, son vaxtlarda işsiz qalmışdı...
- Azərbaycanda çox məşqçilər işsizdir. Şahin Diniyev, Ağasəlim Mircavadov, Kazbek Tuayev yaxşı məşqçilərdi, ancaq hələ də işsizdirlər. İşsiz olanı işə dəvət eləmək olmaz ki? Sadəcə, bizə məsləhət olunub, biz də qəbul eləmişik.

- Siz Abdullayevdə olmayan xüsusiyyətləri – məsələn, tələbkarlığı Talıbovda görürsünüz?
- Yəqin ki...

- Yəni daha yuxarı səviyyədə sizə məsləhət görüblər?
- Yuxarı səviyyədə kim bizə məsləhət görəcək ki. Klubun rəhbəri bizik. Özümüz məsləhət eləmişik, üstündə dayanmışıq. Sözümüz-söhbətimiz tutub. Verdiyimiz tələbləri yerinə yetirməyi boynuna alıb ki, biz də razılaşmışıq.

- Həmin tələb nədən ibarətdi?
- Futbolda nə tələb ola bilər ki? Yer tutmaq, nəticə almaq.

- Talıbovla müqavilə cari mövsümün sonuna kimi olacaq?
- Yəqin ki.

- Onun köməkçiləri kim olacaq?
- Özü təyin edəcək.

- Bu işdə tam sərbəstdir, yoxsa siz kimisə məsləhət görmüsünüz?
- Baş məşqçi tam sərbəst olmalıdır da. Əfqan müəllimlə ikin söhbətimiz olub. Sabah kluba gələcək, özü köməkçiləri ilə bağlı açıqlama verəcək. Ona hər bir şərait yaradacağıq və tələbimizi də edəcəyik.

- Bəs heyətlə, futbolçularla bağlı hansı islahatlar gözlənilir?
- Heyətdə nə islahat gözləniləsidir ki? Heç bir islahat olmayacaq. İslahat rəhbərlik, məşqçilər səviyyəsində idi ki, onu da elədik.

Mehman SÜLEYMANOV