One minute!
15.10.2012 - 23:02
One minute!
Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə görüşü yığmamızın tarixində 190-cı qarşılaşma olacaq.

1992-ci ildən bu yana 189 oyuna çıxan komandamız 20 ildə 34 qələbə qazanıbsa, 47 heç-heçə edib və 108 dəfə meydanı məğlub tərk edib. Bu isə o deməkdir ki, yığmamız Moskvanın məşhur “Lujniki” stadionundakı matçda sensasiyaya imza atarsa, yubiley - 35-ci qələbəsini qazana bilər. İndiyədək 133 dəfə fərqlənən milli öz qapısında 336 qol görüb.

Bu matçadək baş tutan qarşılaşmalardan 90-ı DÇ və AÇ-lərin seçmə oyunu olub. Millimiz 91-ci belə görüşünə çıxacaq. Rusiya ilə qarşılaşmaya qədər 8 qələbəsi olan futbolçularımız 14 heç-heçə edib və 68 dəfə uduzub. Komandamız vurduğu 42 qolun qarşılığında 207 dəfə topu qapısından çıxarıb.

5-ci dəfə mundialın seçmə mərhələsinə qatılan yığmamız 41-ci oyunda 4-cü qələbə üçün çalışacaq. 3 qələbə, 8 heç-heçə və 29 məğlubiyyəti olan millimiz uduzsa 30-cu uğursuzluğa üzüləcək. Bu görüşlərdə komandamız 13 top vurub və 78-ni buraxıb.

“Lujniki”dəki görüş Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun bu postda 51-ci oyunu olacaq. 2008-ci ilin martında baş məşqçi təyin olunan almaniyalı millimizlə indiyədək 11 qələbəyə sevinib, 13 heç-heçə görüb və 26 dəfə yetirmələrinin üzüntüsünə şərik olub. Bu matçlarda yığmamız 41 qolun sevincini yaşayıbsa, 78 dəfə qapıçımız topu tordan çıxarıb.

Ardıcıl 3-cü seçmə mərhələdə iş başında olan Foqtsun yetirmələri 22 seçmə oyuna çıxıb. Belə matçda 3 qələbə qazanıb, 4 heç-heçə edib və 15 dəfə uduzub. Komandamızın 15 qoluna rəqibləri 44 dəfə cavab verib.

Moskvadakı oyun yığmanın kapitanı Rəşad Sadıqov üçün də əlamətdar olacaq. Zədəli olan müdafiəçi Rusiyaya qarşı bir dəqiqə belə oynaya bilərsə, millinin yeni rekordunu müəyyənləşdirəcək.

Belə ki, Aslan Kərimovla yanaşı 80 dəfə yığmanın heyətində meydana çıxan şərikli rekordçu sabiq komanda yoldaşını arxada qoymaq imkanı qazanıb. Portuqaliya ilə Braqadakı oyunda rekordu təkrarlayan Rəşad bu göstəricidə vahid lider olmaq üçün Rusiyaya qarşı 1 dəqiqə də olsun mübarizə aparmalıdır.