Kapitan problemi
16.10.2012 - 10:25
Kapitan problemi
Azərbaycan millisi çətin sınaq qarşısındadı. Söhbət təkcə Rusiya yığması kimi güclü rəqiblə Moskvada oynamaqdan yox, eyni zamanda, müdafiə xəttində yaranan ciddi problemdən gedir.

Təbii ki, müdafiə xəttinə başçılıq edən Rəşad Sadıqovun zədəli olmağını və bu üzdən məşq prosesindən kənarda qalıb müalicə olunduğunu nəzərdə tuturuq. Düzdü, kapitan ağrıkəsici iynə ilə meydana çıxa bilər. Ancaq dizində zədəsi olan futbolçunun sintetik örtüklü meydanda oynaması risklidir və bu, lazımı effekt verməyə bilər.

Sözsüz, hər birimiz bugünkü səfər matçında Sadıqovun meydanda olmağını arzulayırıq. Ancaq bu istəyin reallaşmamağı ortaya bir sual çıxır: Rəşadı kim əvəzləyə bilər?

Baş məşqçi Berti Foqtsun sərəncamında mərkəz müdafiəçiləri var. Portuqaliya ilə matçda yaxşı təsir bağışlayan Vladimir Levinin yenə müdafiənin mərkəzində yer alacağı gözlənilir ki, onunla duet təşkil edən Sadıqovun mövqeyində Ruslan Abışov, Aqil Nəbiyev, Elhad Nəzirli oynayır. Bunlardan sonuncu xaricdə - Moldovanın “Milsami” klubunun çıxış etsə də, millimizin debütantıdır və Rusiya ilə matçda ilk dəqiqələrdən meydana buraxılmağı real görünmür. Aqil ucaboylu, yaxşı fiziki göstəricilər malik olsa da, son vaxtlar zədədən, oyun praktikası sarıdan korluq çəkir və millimizin əsas heyət oyunçusu sayılmır.

Ruslana gəlincə, Foqts onu daha çox dayaq yarımmüdafiəçisi kimi oynadır. Ancaq fikrimcə, hazırkı vəziyyətdə Sadıqovun layiqli əvəzləyicisi kimi məhz Abışova güvənmək olar. Onun mərkəz müdafiəçisi kimi təcrübəsi böyükdür. Dayaq yarımmüdafiəçiləri mövqeyində Aleksandr Çertoqanovla Rahid Əmirquliyev kimi təcrübəli futbolçular olduğundan, boşluq olmayacaq.

Düzdür, Əli Gökdəmir də mərkəz müdafiəçi mövqeyində oynaya bilər. Ancaq məsələ ondadır ki, Ufuk Budakla Elnur Allahverdiyevin yoxluğunda sol cinah müdafiəçisi mövqeyində boşluq yaranır. Belə olan halda, Foqts Gökdəmirə məhz bu mövqedə güvənəcəyi gözləniləndir. Ancaq digər tərəfdən, almaniyalı çalışdırıcı Portuqaliya ilə matçda olduğu kimi, Maksim Medvedevi müdafiənin sağ cinahından sola çəkmək variantını yenə reallaşdıra, Əlini isə müdafiənin mərkəzində oynadıb, Ruslanı dayaq yarımmüdafiəçisi kimi oynada bilər.

İstənilən halda, seçim Foqtsa məxsusdur və Rəşadın yoxluğunda onun mövqeyində kimi oynadacağını artıq özü üçün müəyyənləşdirib.

Mehman SÜLEYMANOV
Moskva