“Adama deyirlər ki, kimi udmusan: Azərbaycanı, Andorranı?” MÜSAHİBƏ
16.10.2012 - 10:33
“Adama deyirlər ki, kimi udmusan: Azərbaycanı, Andorranı?” MÜSAHİBƏ
Rusiya millisinin futbolçusu Konstantin Zıryanov “Sport Ekspress” qəzetinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, son vaxtlar yığmaya çağırılmayan 35 yaşlı veteran yarımmüdafiəçi DÇ-2014-ün seçmə mərhələsinin bu gün keçiriləcək Rusiya – Azərbaycan matçı ilə bağlı fikirlərini açıqlayıb.

- Azərbaycanla qarşılaşmanın Portuqaliya ilə görüşdən daha çətin olacağı fikri ilə razısınız? Ən azı psixoloji cəhətdən?
- Məncə, Vladimir Besçastnıx Andorra ilə oyun öncəsi belə bir fikir səsləndirmişdi ki, bu tip matçlarda Rusiya yığması heç bir nəticədə özünü qalib hiss edə bilməz.

- Niyə?
- Çünki qalib gələndə də adama deyirlər ki, kimi udmusan: Azərbaycanı, Andorranı?

- Bütün hallarda, 3 xal qazanmaq Portuqaliya ilə oyundakından daha çətin olacaq?
- Bunu istisna etmirəm. Azərbaycanla DÇ-2010-un seçmə mərhələsindəki oyunları yada salaq. Hətta “Lujniki”dəki 2:0 hesablı qələbə çətinliklə əldə olundu.

- Həmin vaxt qollardan birini siz vurmuşdunuz...
- Oyunun axarını nəzərə alsaq, Roman Pavlyuçenkonun vurduğu ilk qol daha önəmli idi. Bu qoldan sonra gərginlik yatdı. Bu vaxtadək isə ağır oyun gedirdi.

- Həmin qarşılaşmadan sonra Azərbaycan millisinin oyun üslubu çətin ki dəyişə. Belə oyunu necə xarakterizə edərdiniz?
- Burda üslubdan söhbət getmir. Bütün postsovet məkanı təmsilçiləri Rusiya ilə oyuna xüsusi köklənirlər. Millimizə mümkün qədər müqavimət göstərirlər.

- SSRİ-nin dağılmasından 20 ildən artıq vaxt ötür. Həqiqətən də bu məsələ aktuallığını itirməyib?
- Düşünürəm ki, hə. Axı insanlar ot deyil, yerdən çıxmayıblar. Azərbaycan millisinin indiki futbolçularının valideynləri uşaqlarına çox şey danışıblar. Bir sözlə, münasibətlər nəsildən nəslə keçir.