İsgəndər Cavadovdan sərt ittihamlar
17.10.2012 - 15:02
İsgəndər Cavadovdan sərt ittihamlar
AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində millimizin Rusiyaya 0:1 hesabla uduzduğu oyundan sonra apasport.az saytının Moskvaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb

- Yığmamızın Rusiyaya qarşı oyununu “Lujniki” stadionunda izlədiniz. Matç sizi nə dərəcədə razı saldı?
- Futbolçularımız əvvəlki kimi oynayırlar: nə bacarırlar, onu da göstərirlər.

- Futbolçularda artımın olmamağı, eyni səviyyədə çıxış etməyi nə ilə bağlıdır?
- Artım o vaxt olacaq ki, Azərbaycan çempionatı yüksək səviyyədə olacaq. İndi çalışırlar, düzəldirlər. Ancaq bunu qaldırmaq lazımdır. Çempionatın səviyyəsi qalxmasa, heç nə düzəlməyəcək. Futbolçular öz yerlərini bilməlidirlər. Məktəblər yüksək səviyyədə olmalıdı. Hamısı bir-biri ilə bağlıdır. Stabillik yaratmaq lazımdır.

- Oyunun 84-cü dəqiqəsinədək hesab açılmamışdı. Siz həmin anadək xal qazanacağımızı gözləyirdiniz?
- Rusiyaya qarşı mübarizə aparmaq olar. Ancaq xal qazanacağımızı düşünmürdüm. Çünki daha çox müdafiədən oynayırıq. İlk yarıda çalışırıq, ikinci hissədə isə rəqibə fiziki cəhətdən uduzuruq.

- Bəlkə bu amil baş məşqçi Berti Foqtsun müdafiəçi olmağından irəli gəlir?
- Hücumsuz futbol ola bilməz. Həmişə müdafiədə oturanda, futbolçular bir-birinə arxayın olub və bir-birinə maneçilik törədirlər. Hər futbolçu öz yerində olmalıdır.

- Hücum zamanı topu özümüzdə saxlaya bilmirik. Bir hücumçu kimi, bunu nə ilə izah edərdiniz?
- Çünki bizdə normal hücumçu, yarımmüdafiəçi yoxdu. Bunun nəticəsidir ki, ortada topu saxlaya bilmirik. Yəni, ifaçılarımız yoxdu. İrəlidə topu hücumçular, yarımmüdafiəçilər saxlamalıdır. Bizimkilər topdan qaçırlar, halbuki, onu saxlamaq lazımdır.

- Topu itirməkdən qorxurlar?
- Bacarmırlar. Neçə illərdir eyni səviyyədə gedirlər.

- Qardaşınız oğlu Vaqif Cavadovun çıxışını necə qiymətləndirərdiniz?
- Vaqif özünü itirdi. Xaricə getsə də, oynaya bilmədi. Sonra qayıdıb 2 klub dəyişdi. Buna görə böyük fasiləsi oldu.

- Vaqif heç klubunda da oynamır...
- Bunun səbəbini bilmirəm. Bizim klublar o səviyyədə deyillər və futbolçularımız özlərini tuta bilmirlər. Buna görə də çempionatımızın səviyyəsi çox aşağıdır. Bizdə klublar ildən-ilə inkişaf etməli, uğurlu olmalıdır.

- Vaqif futbolda ilk addımlarını Rusiyada atdığından, bu oyunda ona ümidlər böyük idi. Ancaq lider kimi komandanı arxasınca apara bilmədi, daha çox top itkisinə yol verdi...
- Vaqifin oyun praktikası yoxdur, xeyli vaxtdır oynamır. Futbolçu 1-2 ay oynamayanda, artıq onun özünə gəlməyi üçün bir o qədər vaxt lazımdır. Nə qədər ki çempionatda stabillik olmayacaq... Bizdə milli komandalardan öncə çempionatı saxlayırlar. Bu zaman futbolçu hazırlıq prosesindən düşür. Oyun olanda hazırlaşırlar. Ancaq məşq olanda dayanırlar, qaçmırlar. Bilirlər ki, oyun 10-15 gündən sonradır, istər-istəməz rejimdən düşürlər.

- Milliyə qaytarılmaqla, qardaşınız oğluna şans verildi. Sizcə, Vaqif və vaxt ümidləri doğruldub, əvvəlki səviyyədə oynayacaq?
- Ona tövsiyə edirəm ki, öz üzərində çox işləsin. Fikirləşməlidir ki, nəyə görə bu gün oynamır. Vaqifə nə qədər işləmək, ikiqat artıq qaçmaq lazımdır. Tək Vaqif yox, bizdə əksər futbolçunun oyun praktikası yoxdur, eyni səviyyədədirlər. Rauf Əliyev necə oynayırdı... Onun oyunundan xoşuma gəlirdi. Ancaq indi Rauf da oynamır. Yəni bizdə çox problemlər var. Çempionatı elə qurmaq lazımdır ki, 4 gündən bir oyun olsun. Ancaq təxirə salma olanda, futbolçu tonusdan, həvəsdən düşür.

- Bizdə futbolçular ardıcıl oyunlara çıxanda, yorğunluqdan gileylənirlər. Ancaq xaricdə belə deyil...
- Başqa dövlətlərdə 3 gündən bir futbol oynayırlar. Onda o yazıqlar nə etsinlər? Futbolçu nə qədər çox qaçırsa, güclü olur. Bizdə oyunlar çox olmalı, çempionatımızın səviyyəsi daim qalxmalıdır.

Mehman SÜLEYMANOV