Səhv düşəndə liqalar və ya “Topaz”a hörmətsizlik
20.10.2012 - 13:57
Səhv düşəndə liqalar və ya “Topaz”a hörmətsizlik
“Topaz Premyer Liqası”nın IX turunun startı maraqlı hadisə ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, Gəncənin “Kəpəz” klubunu qəbul edən “Neftçi” meydana Azərbaycan çempionatı üçün qeyri-adi formada çıxdı.

Belə ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “ağ-qaralar” görüşü qitə miqyaslı turnirin emblemi olan formada keçirdi. Hərçənd, Çempionlar Liqası və Avropa Liqası kimi oyunlarda meydana çıxan komandalar yalnız adıçəkilən turnirlər üçün hazırlanan formanı bu qarşılaşmalarda istifadə edir. Digər yarışlarda isə fərqli formada oynayırlar.

“Topaz Premyer Liqası” ilə Avropa Liqasını səhv salan “Neftçi”nin niyə bu addımı atdığı maraq doğurur. Ya bakılılar vaxtilə prinsipial rəqibi olan “Kəpəz”ə Avropa Liqasını xatırlatmaq istəyirdi, ya da İtaliya “İnter”i ilə qarşılaşmadakı formanı yenidən istifadə ediblər. Bəlkə, onların əlavə geyimi yoxdu?

Əslində, milli çempionatda başqa turnirin emblemi ilə oynamaq çıxış etdiyi Liqaya hörmətsizlik sayılır. Hər halda, hansısa komandanın formanın üstündə avroliqadansa “Topaz Premyer Liqası”nın loqosunun əks olunması daha yaxşıdır.

Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə müraciət etdik. O bildirib ki, “Neftçi”nin belə formada oynamasının əleyhinə deyil: “Bunda heç bir problem yoxdur. Təki daha çox komandamız Premyer Liqa oyununa Avropa Liqası emblemi ilə çıxsin”.

“Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə də PFL prezidenti kimi düşünür. Onun sözlərinə görə, çempionatın Əsasnaməsində bununla bağlı bənd yoxdu: “Burda hansısa problem görmürəm. Digər klublardan fərqli, yalnız “Neftçi” Avropa Liqasında mübarizə apardığı üçün yalnız bizim komanda bu emblemlə oynayır. Əcnəbi klubların Çempionlar Liqası və Avropa Liqası emblemi ilə milli çempionat matçına çıxmamağı onların öz işləridi. Biz Azərbaycanda oynayırıq. Çempionatın Əsasnaməsində də bununla bağlı hansısa bənd yoxdur. Əlbəttə ki, milli çempionat qarşılaşmasına “Topaz Premyer Liqası”nın emblemi ilə çıxmaq daha məqsədəuyğun olardı. Amma dediyim kimi, Əsasnamədə bununla bağlı heç nə yoxdur. Ona görə də, bu məsələ ilə Peşəkar Futbol Liqası maraqlanmalıdı”.