Kamran Ağayev baş götürüb Lənkərandan qaçdı
20.10.2012 - 16:02
Kamran Ağayev baş götürüb Lənkərandan qaçdı
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev “Xəzər Lənkəran”ın düşərgəsini tərk edib. Bu haqda apasport.az saytına cənub təmsilçisinin icraçı-direktoru Höccət Hacıyev məlumat verib.

O bildirib ki, Ağayev komandanın düşərgəsindən özbaşına ayrılaraq, Bakıya üz tutub. Hacıyev əsas heyətə qaytarılmasından sonra qapıçıya azarkeşlər və rəhbərlik tərəfindən heç bir təzyiq edilmədiyini vurğulayıb. “Xəzər Lənkəran” rəsmisi Ağayevin cəzalandırılacağını istisna etməyib.

Komandanın rəisi Səməd Mustafayev isə apasport.az saytına bildirib ki, Ağayevlə görüşüb söhbət edəcəklər: “Hazırda komanda bütün fikrini “Qəbələ” ilə sabah keçiriləcək çempionat oyununa yönəldib. Bu qarşılaşmadan sonra Kamranla söhbətimiz olacaq”.

Ağayev Avropa Liqasının II təsnifat mərhələsində Polşa “Lex”i ilə cavab görüşündən sonra “Xəzər Lənkəran” rəhbərliyi tərəfindən transferə çıxarılıb. Lakin o, yay transfer dövründə heç bir komandaya keçməyib.

AFFA prezidenti Rövnəq Abdullayev klubun fəxri prezidenti Mais Mənsimova müraciət etdikdən sonra Ağayev əsas heyətə qaytarılıb. O, yığmamızın oktyabrın 16-da Rusiya ilə keçirdiyi 2014-cü il dünya çempionatının seçmə qrup oyununun ardından “Xəzər Lənkəran”ın məşqlərinə qatılmışdı.