“Neftçi”yə “hərbçi” məsləhəti
20.10.2012 - 16:15
“Neftçi”yə “hərbçi” məsləhəti
Avropa Liqasının növbəti 2 turunda Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşacaq Rusiya “Rubin”i Premyer Liqada MOİK-lə görüşəcək. Apasport.az saytının məlumatına görə, Moskva mətbuatı Tatarıstan təmsilçisi ilə görüş ərəfəsində sabiq “hərbçilər”in fikirlərinə yer verib. Veteranlar indiki MOİK-ə məsləhətlər verməklə həm də “Neftçi” yə kömək ediblər. “Rubin”in gücü haqda mütəxəssis fikirləri çempionumuzun da işinə yaraya bilər.

Boris Kopeykin: “Rubin”də pis futbolçular toplaşmayıb. Amma meydanda xüsusi bir şey göstərmirlər. Üstəlik onlara sabitlik də çatmır. Bəlkə də “Rubin əhval-ruhiyyə komandasıdır?”.

Gennadi Kostılyov: “Kurban Berdıyev öz komandasına yeni taktika aşılamağa çalışır. Lakin hələ alınmır. Kazan təmsilçisi bərabər səviyyəli oyunçulardan təşkil olunub. İstənilən rəqibi udmaq iqtidarındadır. Lakin qeyri-sabitliyi ilə seçilir”.

Dmitri Kuznetsov: “Rubin” bütün xətlərdə balanslaşmış heyətə malikdir. Yaxşı oyunçu seçimi ilə formalaşıb. İnanılmaz dərəcədə intizamlı oynayır. Həm hücum, həm də müdafiədə eyni dərəcədə belə uğurlu oynayan komandalarımız çox azdır”.

Valeri Masalitin: “Berdıyevin fəlsəfəsi ciddi oyun intizamıdır. Bunun sayəsində də “Rubin” irəliləyir. Oyunçular da dəyişir, üslub da. Amma intizam və standart vəziyyətlər komandanın əsas üstünlüyü olaraq qalır”.

Aleksandr Tarxanov: “Rubin”in gücündən danışmazdım. Komanda çempionatda 8-ci yerdə gedir. Hələlik onlara sabitlik çatmır ki, bu da zəiflik əlamətidir. Ola bilər ki, Berdıyev oyun üslubunu dəyişmək istəyir. Arabir bu əla alınır. Topa nəzarət edirlər, düşünülmüş oyun göstərirlər. Amma hərdən tükənirlər”.