Kubok mübarizəsi də başlayır
21.10.2012 - 10:04
Kubok mübarizəsi də başlayır
Sabah Azərbaycan kubokunda yeni mövsümə start veriləcək. Apasport.az saytının məlumatına görə, sayca 21-ci olan kubokun ilk oyunu Zirədə başlayacaq.

Həmin matçda kubokun debütantı “Qala” ilə turnirin ən təcrübəli komandalarından olan “Kəpəz” üzləşəcək. Bununla, I divizionla Premyer Liqa təmsilçisinin dueli olacaq.

Ümumiyyətlə, “Kəpəz” bu mərhələdə güclülər dəstəsini təmsil edən yeganə komandadır. Premyer Liqanın digər 11 təmsilçisi növbəti mərhələdən mübarizəyə qoşulacaq.

Gəncəlilər hazırkı mövsümün autsayderlərindən olsa belə, bu cütün aşkar favoritidi.

Gəncənin digər təmsilçisi – I divizionda çıxış edən “Tərəqqi” evdə oynayacaq. Rəqib turnir cədvəlində qonşusu olan “Ağsu”dur. Ötən mövsüm I divizionun qalibi olan, hazırda da liderlər sırasında yer alan “Qaradağ-Lökbatan” son pillənin sahibi “Lokomotiv”i qonaq edəcək.

Kubokda dəfələrlə oynamış, güclülər dəstəsi təcrübəsi, hazırda isə aşağı dəstədə turnir cədvəlində qonşu olan MOİK-lə “Bakılı” bu mərhələdə rəqibdirlər. I divizionun hazırkı lideri “Neftçala” isə “Şuşa” ilə səfər sınağına çıxacaq.

Azərbaycan kuboku, 1/16 final mərhələsi

22 oktyabr

17:00. “Qala” – “Kəpəz”
Bakı. Zirə qəsəbə idman kompleksinin stadionu

24 oktyabr

15:00. “Tərəqqi” – “Ağsu”
Gəncə. Şəhər stadionu

15:00. “Qaradağ Lökbatan” – “Lokomotiv”
Bakı. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

15:00. MOİK – “Bakılı”
Bakı. “Ədliyyə” stadionu

15:00. “Şuşa” – “Neftçala”
Bakı. “Şəfa” stadionu, 4-cü meydança

Qeyd edək ki, kubokun bu və 1/8 mərhələsində qalib 1 oyunla müəyyənləşəcək.