Ramin Musayev: Hamı hakimlikdən narazıdı
22.10.2012 - 17:00
Ramin Musayev: Hamı hakimlikdən narazıdı
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının hesabat turu gərginliklə yadda qaldı. Xüsusilə, “İnter” – “Simurq” matçının nəticəsi böyük əks-səda doğurdu...
- Həmin oyunda idim. İlk 60 dəqiqəni izləmişəm, ancaq bir şey görməmişəm. Deyirlər ki, oyunu verdilər, belə oldu, elə oldu. Gəlin, bunu müzakirə etməyək. Hakimliklə bağlı söhbətə gəlincə, son 30 dəqiqəyə baxmamışam.

- “İnter” qolu məhz siz gedəndən sonra vurub...
- Qolu görmədim, ancaq epizoda baxmışam.

- Bununla bağlı nə deyə bilərsiniz?
- Epizoda baxmaqla bir şey demək olmaz axı...

- “Simurq”un cari mövsümdə ilk məğlubiyyətini “İnter”dən almağı, ona tarixində heç vaxt qalib gəlməməyi istər-istəməz xoşagəlməz söz-söhbətlərə əsas verir...
- Bu, təkcə “İnter” – “Simurq” oyununda almayıb ki. Başqa komandaların oyunlarının statistikasına da baxsan, görürsən ki, biri o birini heç vaxt udmayıb. Buna görə də bu məqam hələ heç nə demək deyil. Gəlin, qlobal problemlərdən danışaq.

- Hazırda qlobal problem nəyi görürsünüz?
- Qlobal problem odur ki, yaxşı oyun nümayiş olunmalıdı, yaxşı futbolçularımız olmalıdı, gənclərə yer verilməlidi. Gəlin, bunlardan danışaq. Problem budur. Milliyə futbolçular hazırlanmalıdı. Gördünüz də, yığmamızda artıq son 4 ildə eyni futbolçular oynayır.

- Sizcə, bu problemlərin həllinə, yeni futbolçuların üzə çıxmağına nə mane olur?
- Yəqin ki, bu, hamının 1-ci olmaq istəməyi ilə bağlıdır. Məsələn, mən bir klubdan görmədim desin ki, 3-5 il çempionluğa oynamayacağam, öz futbolçularımı yetişdirəcəyəm. Bunları hazırlayandan sonra çempionluğa, yaxud kuboka, avrokuboklara oynayacağam. Ancaq belə deyən yoxdur. Hamısı çempionluğa, kuboka oynayır.

- Hesabat turunda hakimlik sizi nə dərəcədə razı saldı?
- İstər Avropa, istərsə də dünya çempionatı olsun – hər bir oyunda hakim səhvi olur. Bu günə qədər elə bir hakim tapa bilərsinizmi ki, bir oyunda səhv eləməmiş olsun?

- Məsələ ondadır ki, hakimlərə səhvlərin hər yerdə olduğunu deyəndə arxayınlaşırlar...
- Yox, başının altına yastıq qoya bilməzlər. Çünki onlarla mütəmadi görüşlərimiz olur. Sadəcə, bir şey maraqlıdır ki, hakimlərimiz ölkədən kənarda, təlim-məşq toplanışında olanda, bütün xarici komandalar onlara müraciət edir, hamı da razı qalır. Əgər narazı qalsaydılar, yəqin ki, 2-ci oyuna dəvət etməzdilər. Ancaq özümüzə gələndə, hamı hakimlərdən narazılıq edir.

- Niyə?
- Ona görə ki, klubda çalışanların əksəriyyəti birbaşa klubun sponsoru deyil. Onlar klub sponsorunun qarşısında özlərinə, öz işlərinə bəraət qazandırmaq üçün bütün günahı hakimin boynuna atırlar. Bir dəfə bir klub rəhbəri mənim yanımda olanda, ona zəng gəldi ki, bəs hakim bizi belə yıxdı. O belə bir sual verdi ki, qol vurdunuz, saymadılar ki... Dedi ki, yox, belə şey olmayıb. Onda niyə yalandan boş-boş danışırsan. Qol vurub, sayılmayıb ki, deyəsən hakimin günahı var. Oyunu izləyirsən, görürsən ki, hakim səhv elədi. Biz həmişə demişik ki, səhv ola bilər. Əsas odur ki, qərəz olmasın. Vacib odur ki, hakimin qabağına “mən bu gün bu komandanı uduzdurmalıyam” məqsədi olmasın. Şükürlər olsun Allaha ki, bu, bizdə yoxdur.

- “Qarabağ” – “Bakı” və “Xəzər Lənkəran” – “Qəbələ” oyununda penalti epizodları ilə bağlı narazılıqlar var...
- Konkret hansı epizodu nəzərdə tutursunuz?

- Misal üçün, Lənkərandakı oyunun əvvəlində meydan sahibləri qapıya zərbə vuran zamanı top rəqibin əlinə dəymişdi.
- Mən 13-15-ci dəqiqələrdə olan həmin epizodda penalti görürəm. Bilmirəm, AFFA-nın Hakimlər Komitəsi nə görəcək, hakimin özü nə görür. Məsələn, orda bir epizod vardı ki, 4-cü dəqiqədə Branimir Subaşiç yıxılır. Bu dəqiqə həmin epizod qarşımdadır, orda penaltidən söhbət gedə bilməz. “Xəzər Lənkəran”ın qol vurduğu epizodda isə penalti vardı.

- Bəs “Bakı”nın qapısına təyin olunan penalti?
- Orda da vardı. Futbolçu rəqibin belinə yıxılır, məgər bu, penalti deyil? Mən başa düşmürəm, 11 metrlik cərimə zərbəsi necə olur? Həmin epizod bir neçə kameradan çəkilişlə bizim saytımızda var. Onu bütün azarkeşlərin, futbolsevərlərin ixtiyarına verirəm ki, orda penalti var, yoxsa yox. Bilirsiniz, stadionda oyuna canlı baxanda, başqa şey görürsən, təkrara baxanda başqa şey.