Cavid İmamverdiyev: Elə şiddətli ağrılar başladı ki... - MÜSAHİBƏ
23.10.2012 - 13:52
Cavid İmamverdiyev: Elə şiddətli ağrılar başladı ki... - MÜSAHİBƏ
Oktyabrın 25-də Avropa Liqasının qrup mərhələsinin III turunda “Rubin”lə qarşılaşacaq “Neftçi” Kazana itki ilə yollanıb. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar” Cavid İmamverdiyevin xidmətindən məhrum olub. Bir müddətdir zədədən əziyyət çəkən hücumçu “Kəpəz”lə həftəsonu keçirilən qarşılaşmada meydana çıxsa da, sonradan onun cərrahiyyə edilməsi qaçılmaz oldu. Nəticədə futbolçu damar genişlənməsindən əməliyyat edilib.

- Cərrahiyyə əməliyyatı necə keçdi?
- Şükür, uğurlu alındı. Damar genişlənməsi var idi. Buna görə də əməliyyat olundum. Cərrahiyyə əməliyyatı Bakıdakı klinikalardan birində oldu.

- Evə nə vaxt buraxılacaqsınız?
- Hazırda xəstəxanadayam. Yəqin ki, bu gün axşam evə buraxılaram.

- Məşqlərə nə vaxt başlayacaqsınız?
- Təxminən bir aydan sonra. “Kəpəz”lə matçın ertəsi günü gördüm ki, ağrıdan dura bilmirəm. Artıq əməliyyat qaçılmaz idi. Rəhbərlik də vəziyyətimi başa düşdü.

- Niyə əvvəlcədən əməliyyat olunmadınız? Çünki bu vəziyyətdə məşq etdikcə, zədəni daha da gərginləşdirirsiniz.
- Oktyabrın 12-dən məşqlərə başlamışdım. İstəyirdim “Rubin”lə görüşdə meydana çıxım, komanda yoldaşlarıma kömək edim. İynə hesabına “Kəpəz”ə qarşı oynadım. Oyun zamanı heç nə hiss etmirdim. Hər şey yaxşı idi. Lakin ertəsi gün elə şiddətli ağrılar başladı ki, buna dözmək olmurdu. Həm də qorxdum ki, “pax”ımı zədələyərəm. Dərhal əməliyyat olunmağa qərar verdim. Fikirləşirdim ki, iynə ilə oynamaq mümkün olsa, dekabrda, fasilə yaranan zaman əməliyyat olunum.

- “Neftçi” bu gün Kazana yollandı. Komandanız “Rubin”lə oyunda xal qazana biləcək?
- Komandamıza hər zaman güvənirəm. İnanıram ki, ən azı bir xalla dönəcək. “Neftçi” elə komandadır ki, rəqibin zəif və ya güclü olmasından asılı olmayaraq, ona hörmətlə yanaşır.

- Yeriniz görünəcək?
- “Neftçi”də əvəzedilməz futbolçu yoxdur. Mən yoxam, Mirhüseyin Seyidov, Kamil Nurəhmədov kimi gənclər var. Başqaları bu boşluğu dolduracaq.

- Bu cür tarixi şansı əldən verdiyinə görə təəssüflənirsiniz?
- Bəli, tarixi şans idi. Oynamaq istəyirdim. Eybi yox, “Rubin”lə görüşü buraxdım, amma dekabrda “İnter”ə qarşı keçirəcəyimiz matçda meydana çıxaram. Həm də gələn il yenə qitəmiqyaslı oyunlarda iştirak edəcəyik. Yaxşı komandalarla oynamaq imkanı olacaq. İndiki məqamda zədədən qaçmaq mümkün deyildi.

- “Neftçi”nin qrupdan çıxacağına inanırsız?
- Əlbəttə!