Mahir Şükürov: Kazana 3 xal üçün gəlmişik - MÜSAHİBƏ
23.10.2012 - 23:01
Mahir Şükürov: Kazana 3 xal üçün gəlmişik  - MÜSAHİBƏ
Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində sabah “Rubin”in qonağı olacaq “Neftçi” klubunun vitse-kapitanı Mahir Şükürovun apasport.az saytının Kazana ezam olunmuş əməkdaşına müsahibəsi

- “Rubin”lə səfər oyunundan nə gözləyirsiniz?
- Zəif komandaya qarşı oynamayacağıq. Rəqibin güclü heyəti var, ardıcıl iki mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Bu il isə Avropa Liqasının qrup mərhələsində yer alıb. Bu mənada beynəlxalq təcrübəsi bizdən çoxdur. Lakin buna baxmayaraq, Kazana 3 xal dalınca gəlmişik. Bizim komandanın da güclü heyəti var. İnşallah, istəyimizə çatarıq.

- Qrupun favoriti “İnter” olduğundan, 3 komanda 2-ci yer uğrunda mübarizə aparır. “Neftçi”nin “Rubin” və “Partizan”la ardıcıl evdə oynayacağını nəzərə alsaq, Kazanda 1 xal münasib sayıla bilərmi?
- Bəli. “Rubin”lə səfər oyunundan xalla qayıtsaq, yaxşı şansımız olacaq. Çünki sonradan ardıcıl 2 ev oyununa çıxacağıq. Bu mənada Kazanda heç-heçə etsək, Bakıda “Rubin” və “Partizan”a qalib gəlib xal ehtiyatımızı xeyli artıra biləcəyik.

- Kazanda hava çox soyuqdu. Belə hava şəraiti uğurlu nəticə qazanmağa mane ola bilər?
- Bundan az öncə millimizin heyətində Rusiya yığmasına qarşı oynadım. Həmin vaxt Moskvada havanın temperaturu mənfi 8-10 dərəcə idi. Ancaq elə də soyuq deyildi. Əsl futbol havası idi. Buna görə də problemin yaranmayacağını düşünürəm. Düzdür, ola bilər cənubi amerikalı futbolçularımız belə hava şəraitinə öyrəşməsinlər. Ancaq buna görə də oktyabrın 23-dən Kazana gedirik ki, yerli hava şəraitinə uyğunlaşaq və orada oynamağımız asan olsun.

- Siz Rusiyada oynamısınız və şimal qonşularımızın bundan xəbəri var. Bu mənada Rusiyadan sizinlə əlaqə saxlayan olub?
- Mənə Rusiya yığması ilə oyun öncəsi jurnalist zəng etmişdi və bu matç haqda danışdıq. Ancaq yığmanın oyunundan sonra Rusiyadan əlaqə saxlayan olmayıb.

- 2010-cu ildə “Anji”də çıxış etdiyiniz vaxt “Rubin”ə qarşı oynamısınız. Həmin “Rubin”lə indiki arasında hansı fərqi görürsünüz?
- Rusiya komandaları fiziki cəhətdən çox güclü olurlar. Bu, onların ən böyük üstünlüklərindəndir. “Rubin”in baş məşqçisi Kurban Berdıyev güclü mütəxəssisdir. Belə olmasaydı, uzun müddət bu komandanı çalışdırmazdı. Deyərdim ki, indiki “Rubin” 2 il öncəkindən güclüdür. Çünki hazırda legionerlərinin də sayı çoxdur. Bu, onu göstərir ki, komandaya həqiqətən səviyyəli legionerlər gətiriblər.

- “Anji”nin heyətində “Rubin”lə oyunlar sizin üçün nə dərəcədə uğurlu olub?
- Uğurlu sayıram. Kazandan xalla qayıtmışdıq. Yadımdadır, oyun 0:0 hesabı ilə nəticələnmişdi. Mahaçqaladakı matçda isə meydana çıxmamışdım. Çünki sarı vərəqə limitimi aşdığımdan, cəzalı idim.

- “Rubin” hazırda qeyri-sabit çıxış etmir?
- Ola bilər ki, Rusiya Premyer Liqasında belədir. Ancaq Avroliqada daha yaxşı təsir bağışlayırlar. Bu da bütün güclərini bu turnirə qoymaları ilə əlaqədardır. Fikrimcə, “Rubin”in məqsədi Avroliqanın qalibi olmaqdır. Çünki Rusiyada MOİK və “Zenit” buna nail olub, “Rubin” də buna nail olmaq istəyir.

- Son vaxtlar həm “Neftçi”də, həm də millinin heyətində beynəlxalq oyunlarda çıxış edirsiniz. Yorğun deyilsiz?
- Desəm ki, yorğunam, deyəcəklər niyə oynamırsan? Yorğunluq var, lakin buna baxmayaraq, belə fikirləri başdan çıxarmaq lazımdır. Qarşıda vacib oyunumuz var. “Rubin”lə matça ciddi yanaşaraq, bütün diqqətimizi bu qarşılaşmaya yönəltməliyik.

- Baş məşqçi Böyükağa Hacıyevə bu haqda demisiniz? Ola bilərmi ki, buna görə Hacıyev sizi əsas heyətdə oynatmasın?
- Onunla söhbətimiz olsa da, yorğunluq haqda danışmamışam. Mənə millinin oyunundan sonra bir günlük istirahət veriblər. Millidən qayıtdıqdan sonra “Neftçi”nin məşqlərinə qatılmışam. Yorğunluğum elə də yoxdur. Sadəcə, Moskvada süni meydanda oynamaq müəyyən çətinliklər yaradır. Ancaq Kazanda təbii ot örtüyündə çıxış edəcəyik. İnşallah, orada problem yaranmaz.

Mehman SÜLEYMANOV
Kazan