Luçesku Türkiyə yığmasında?
24.10.2012 - 10:36
Luçesku Türkiyə yığmasında?
Türkiyə yığmasının DÇ-2014 seçmələrindəki inamsız çıxışı ölkənin futbol federasiyasını (TFF) narahat etməyə başlayıb. Apasport.az saytının xəbərinə görə, TFF baş məşqçi Abdulla Avcının yerinə ideal çalışdırıcı tapan kimi onu göndərmək istəyir.

Artıq qardaş ölkə Avcının yerinə bir neçə namizəd də tapıb. Bunlardan ən çox adı hallanan isə "Şaxtyor"un rumın çalışdırıcısı Mirça Luçeskudu. Sözügedən iddianın həqiqət olduğunu demək olar. Çünki eyni xəbərlər Türkiyə ilə yanaşı, Rumıniya mətbuatında da canlanmağa başlayıb. Xəbərə görə, TFF prezidenti Yıldırım Demirörən Luçeskuya geri çevirməsi çox çətin olan bir təklif edib: "Sənə boş müqavilə verirəm. İstədiyin rəqəmi yaz və başımıza keç".

Dəmirörən təklif üçün bu həftə Ukraynaya bir neçə rəsmi şəxsdən ibarət qrup göndərib. İddiaların hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurur.

Qeyd edək ki, Luçesku türkiyəli azarkeşlərə heç də yad deyil. O, 2000-02-ci illərdə "Qalatasaray", 2002-04-cü illərdə isə "Beşiktaş"ı çalışdırıb. Hər iki klubu ölkə çempionu edən rumıniyalı 2004-cü ildən "Şaxtyor"un uğurları üçün çalışır.