Böyükağa Hacıyev: Qorxaq kişiləri xoşlamıram – MÜSAHİBƏ
24.10.2012 - 20:32
Böyükağa Hacıyev: Qorxaq kişiləri xoşlamıram – MÜSAHİBƏ
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev az öncə mətbuat konfransı keçirib. Apasport.az saytının Kazana ezam olunan əməkdaşının məlumatına görə, 54 yaşlı mütəxəssis Avroliqanın qrup mərhələsi çərçivəsində sabah “Rubin”lə keçiriləcək oyuna hazırlıq haqda danışıb.

- Bilirsiniz ki, komandamız ölkə daxilində “Kəpəz”lə oyundan sonra 1 gün bərpa prosesi keçib. Oktyabrın 21-dən sırf “Rubin”lə görüşə hazırlaşmışıq.

- “Neftçi”dən fərqli, “Rubin” çempionatda yaxşı çıxış etmir. Bu amil nə qədər “Neftçi”nin xeyrinə işləyə bilər?
- Bir şeyi unutmayaq ki, “Rubin”in baş məşqçisi Kurban Berdıyev yaxşı komanda formalaşdırıb və 2 dəfə Rusiya çempionu olub.

- Adətən rəqiblərin 15 dəqiqəlik açıq məşqi olur. Ancaq bütün məşqi açıq elan etmisiniz. Bundan çəkinmirsiniz ki, rəqib sizi taktiki cəhətdən öyrənər?
- “Neftçi”nin tarixində heç vaxt bağlı məşqi olmayıb. Çünki jurnalistlər bütün məşqi görüb, öyrənməlidirlər. Biz taktiki hazırlığı oyuna 1 gün qalmış etmirik. Bakıda yaxşı bazamız var və orada rahat işləyə bilərik. Ora komanda üzvlərindən başqa heç kim buraxılmır. Heç vaxt əsas məşqi oyun öncəsi etmirik.

- Mətbuat konfransında Tərlan Quliyev də iştirak edir. Bu, gənc müdafiəçinin əsas heyətdə oynayacağı deməkdir?
- Hamıya məlumdur ki, “Neftçi”də 1 yox, 6-7 gənc futbolçular oynayır. Onlar müxtəlif yığmalarda forma geyinirlər. Tərlan da U-21-də oynayır. Əgər biz bu gün bu insanlara inanmayacağıqsa, bəs nə vaxt inanacağıq? Əgər Azərbaycan futbolu inkişaf edirsə, Avroliqada qrup mərhələsində oynayırıqsa, biz bu gənc futbolçulara güvənməliyik.

- “Neftçi” 36 illik fasilədən sonra “Rubin”lə oynayacaq. Bunların 3-də biz qalib gəlmişik, 1 oyun heç-heçə bitib. Bu amil sizə nə dərəcədə təsir edir?
- Əgər statistikaya nəzərə salsaq, bu, tarixi bir oyundur. Vaxtilə bu şəhərdə “Rubin”ə qarşı çox oynamışam. Berdıyevə qarşı matçlarım da çox olub. Ancaq bir şeyi unutmayaq ki, zaman dəyişir. Bu gün futbol tam başqa bir cürdür və proqnoz vermək çox çətindir. Ancaq məsuliyyətlə deyirəm ki, bura uduzmağa gəlməmişik.

- Komandanızda afrikalı və cənubi amerikalılar isti havaya öyrəşiblər. Onlara soyuq hava çətin olacaq?
- Çox təəssüflər olsun ki, bu gün Böyükağa Hacıyev təbiətlə mübarizə aparmaq gücündə deyil. Fikir verin, Rusiya klublarında nə qədər braziliyalılar oynayır. İnsanlar düşdüyü mühitə öyrəşməlidir. Məncə, 1 məşqdən sonra hər şey yoluna düşəcək.

- Yığmamız da 1 həftə öncə Rusiya millisi ilə oyun keçirdi və daha çox müdafiə futbolu oynadı. Belə demək olar ki, sabahkı oyun bunun davamı olacaq?
- Azərbaycan yığmasını cənab Berti Foqts çalışdırır. “Neftçi”ni isə il yarımdır Böyükağa Hacıyev. Siz görmüsünüz ki, mən müdafiə futbolu oynayım? Mən “İnter”ə qarşı müdafiədən oynamadım. Konkret desək ki, mən qorxaq kişiləri xoşlamıram. Kişi qorxaq olmamalıdı. O, qadından bununla fərqlənir.

- “Rubin”də hansı futbolçuları fərqləndirərdiniz?
- Mən “Rubin”i “Neftçi”dən yaxşı tanıyıram. Çünki 20 gündür rəqibin disklərini izləmişəm. “Rubin”də orta sahəni – Ryazantsevlə Yeryomenkonu fərqləndirərdim. Bir də hücumda Salomon Rondonu. Hər bir məşqçi belə hücumçunun sərəncamında olmağını istəyər. Buna görə də Berdıyevin yaxşı komanda formalaşdırdığını deyə bilərəm. “Rubin” artıq müdafiə futbolu oynamır, daha çox hücuma fikir verir. Komandanın sabit oynamağı üçün vaxt lazımdır. Berdıyevin belə çıxışa, çempionatda 8-ci yerdə olduğuna görə günahkar deyil.

- Kurban Berdıyevin, yoxsa “İnter”in baş məşqçisi Andrea Stramaççoninin adı böyük hərflə yazılmalıdır?
- Birmənalı Berdıyev. Onu Stramaççoni ilə müqayisə etmək mümkün deyil. Bir adam bir klubda 12 il məşqçi işləyirsə, onu yalnız Aleks Ferqyusonla müqayisə etmək olar.

Mehman SÜLEYMANOV
Kazan