Kurban Berdiyev: “Neftçi”nin qol vuracağından qorxurdum
25.10.2012 - 23:09
Kurban Berdiyev: “Neftçi”nin qol vuracağından qorxurdum
Avroliqanın qrup mərhələsində “Neftçi” oyundan sonra “Rubin”in baş məşqçisi Kurban Berdıyev mətbuat konfransı keçirib. Apasport.az saytının Kazana ezam olunmuş əməkdaşının məlumatına görə, türkmənistanlı mütəxəssis jurnalistlərin suallarını daha çox lakonik şəkildə cavablandırıb.

- Oyunu necə dəyərləndirərdiniz?
- İlk növbədə müsəlmanları Qurban bayramı münasibətilə təbrik edirəm. Gözlənildiyi kimi, gərgin oyun keçdi. Demişdim ki, “Neftçi” oynamağı bacarır və əks-hücumlardan istifadə edir. Qorxurduq ki, bunlar qolla nəticələnə. Öz imkanlarımızdan istifadə edə bildik.

- Məsciddə oldunuz?
- Bəli, bu gün olmuşam.

- Yermoyenkonu niyə oynatmadınız? Onu “Anji” ilə görüş üçün qorudunuz?
- O, istirahət eləməyib, oyun öncəsi məşqdə zədələndi.

- Bəs Natxo ilə Orbaizi niyə qorumadınız?
- Qorxdum ki, “Neftçi”nin əks-hücumlarından qol buraxaq. Buna görə həmin yarımmüdafiəçiləri meydana saxladım.

- Biz “Neftçi”nin oyunundan razı qalmadıq. Bəs siz?
- “Neftçi”yə oynamağa imkan verməmək lazım idi. Biz də bunu bacardıq.

- Komandanız “Neftçi”ni hansı komponentlərdə tam zərərsizləşdirdi?
- Mən “Neftçi”dən yox, daha çox “Rubin”dən danışmaq istəyirəm.

- Güclü klublar azarkeş amilindən yararlanırlar. “Rubin”də start təzyiqinin olmamağı nə ilə bağlıdır?
- Mən demişdim ki, “Neftçi” yaxşı müdafiə olunur. Boş zonalar çox az idi. Biz onları tapıb, istifadə etməyə çalışırdıq.

- Azarkeşlərin stadionda azlığı sizi narahat etmir?
- Yəqin ki, bu son vaxtlar uğursuz çıxış etməyimizlə bağlıdır.


Mehman SÜLEYMANOV
Kazan