“Mənim üçün vurduğum qolun önəmi vacibdi” – MÜSAHİBƏ
31.10.2012 - 18:22
“Mənim üçün vurduğum qolun önəmi vacibdi” – MÜSAHİBƏ
“İnter” klubunun dayaq yarımmüdafiəçisi İbrahima Niasse Topaz Premyer Liqasının XI turunda “Kəpəz” üzərində qazanılan qələbədə (3:1) mühüm rol oynadı. İlk yarıdaca dubl edən seneqallı futbolçu görüşdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- “Kəpəz”lə oyun haqda nə deyə bilərsən?
- Çox mühüm matç idi. Çünki bilirdik ki, qələbə sayəsində turnir cədvəlində bir günlük də olsa belə, lider olacağıq. Ona görə də bu matça çox ciddi hazırlaşmışdıq. Üstəlik, evdə oynadığımızı nəzərə alsaq, uduzmağa ixtiyarımız yox idi. Düşünürəm ki, ilk hissənin əvvəllərində top buraxsaq da, yaxşı oynadıq və layiqli qələbə qazandıq. Bu 3 xal bizə çox lazım idi.

- Oyundan öncə dubl edəcəyinizi, özü də belə möhtəşəm qollar vuracağınızı gözləyirdiniz?
- Yox, yox. Mən hücumçu deyiləm ki, hər qarşılaşmada qol vurum. İşim hücumlara lazımi anda dəstək verməkdi. Düzdü, sevindirici haldı ki, vurduğum qollar komandamın qələbə qazanmasına səbəb oldu. Amma kim rəqib qapısına bizdən fərqlənərsə, sevincim eyni qaydada olar. Mənim üçün vurduğum qol yox, onun önəmi daha vacibdi.

- Növbəti turun oyunu haqda nə deyə bilərsiz?
- Bizi çətin Sumqayıt səfəri gözləyir. Rəqib ötənilkinə baxanda güclənib. “Neftçi”ni evində udmuş komandadı. Bu üzdən “Sumqayıt”a qarşı diqqətli oynamalıyıq.

- Ölkəmizdə oynadığınız dövrdə heç sizinlə Seneqal millisinin məşqçilərindən əlaqə saxlayan olub?
- Yox, heç vaxt yadlarına düşməmişəm. Bu da təbii haldı. Çünki Seneqal yığmasına oyunçular Fransa və İngiltərə çempionatlarından yığılır. Mən isə Azərbaycanda oynayıram. Amma mən öz üzərimdə daim işləməkdə davam edirəm.

- “Qəbələ”nin hücumçusu Viktor Mendi də seneqallıdı. Onunla dostluq əlaqələriniz var?
- Təbiii. Onu Azərbaycanda oynamamışdan öncə də tanıyırdım. Çünki Mendi “Mets”də çıxış edərkən, mən də “Nansi”də idim. Bildiyiniz kimi, bu iki klub Fransa çempionatında çıxış edir. Bu üzdən onu tanımamağım qeyri-mümkündü. Bura gələndən sonra dostluq əlaqələrimiz daha da möhkəmləndi.