Ruslan Əmircanov: Hələlik səviyyə fərqi görünmür
02.11.2012 - 00:11
Ruslan Əmircanov: Hələlik səviyyə fərqi görünmür
"Bu oyuna çox ciddi hazırlaşırdıq. "Kəpəz" çempionatda heç də zəif təsir bağışlamır, öz oyunu ilə seçilir. Bizi çətin qarşılaşma gözlədiyini bilirdik". Apasport.az saytının məlumatına görə, bunu "İnter"in yarımmüdafiəçisi Ruslan Əmircanov deyib.

O, "Kəpəz"lə görüşlə yanaşı, meydanda tutduğu mövqe və sərgilədiyi oyun barədə də danışıb.

"Oyuna yaxşı başlamadıq, sanki meydançaya bir az "boş" çıxdıq. Bunun da nəticəsində qapımızda qol gördük. Bundan sonra oyunumuz getmədi. Bərabərlik qolunu vurmaq üçün tələsirdik. Matçın gedişində məşqçinin verdiyi tapşırıqlardan sonra birinci hissədə iki dəfə ,fərqlənib hesabda irəli keçə bildik. Futbol elə bir oyundur ki, gərək 90 dəqiqə mübarizə aparasan. Mübarizəsiz heç bir nəticə əldə eləyə bilməzsən.

Mənim üçün fərqi yoxdur, sağ cinah, ya sol cinah. Bu, məşqçinin verdiyi tapşırıqdan asılıdır. Amma özüm sağ ayaqlı olduğum üçün sağdan oynamaq daha rahatdır. Futbolda fərdi idman növü deyil, meydana 11 oyunçu çıxır. Bunlardan da biri oyundan "düşəndə" komanda üçün çətin olur. Bu görüşdə bütün futbolçular xarakter göstərdilər.
Məşqdən sonra baş məşqçimiz hər birimiz üçün fərdi hazırlıq keçməyə şərait yaradır. Biz də qalıb işləyirik. Tək mən yox, komandada cərimə zərbəsini yaxşı yerinə yetirən futbolçular da var. Bu oyunda çalışdım cərimə zərbəsindən qol vurum, amma alınmadı. Növbəti matçlarda fərqlənərəm".

Əmircanov klubun televiziyasına müsahibəsində onu da vurğulayıb ki, "İnter"i növbəti turda Sumqayıta çətin səfər gözləyir: "Sumqayıt"la səfərdə oynayacağıq. Evdə pis təsir bağışlamırlar. Ümumiyyətlə, bu mövsüm kimin lider, kimin autsayder olduğunu demək mümkün deyil. Hələlik səviyyə fərqi görünmür. Amma bizim məqsədimiz çempionluqdursa, səfərdə qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Deyə bilmərəm ki, "Sumqayıt"ı asan məğlub edəcəyik. Buna görə də arxayınlaşmaq olmaz".