Ramin Musayev: “Neftçi”nin hesabatı bəhanədi
02.11.2012 - 14:50
Ramin Musayev: “Neftçi”nin hesabatı bəhanədi
“Böyükağa Hacıyev klub prezidenti qarşısında özünü sığortalamalı idi. Bu səbəbdən də belə hesabat verib”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev söyləyib.

Dünən “Neftçi”nin məşqçilər korpusu klub prezidenti Sadıq Sadıqova son uğursuzluqlarla bağlı hesabat verib.

“Sumqayıt”, “Rubin” və “Rəvan”la oyunlardakı məğlubiyyətlərdə əsas günahkar PFL görülüb. Daha doğrusu, müxtəlif yaş qrupları üzrə, eləcə də əsas milli komandanın təlim-məşq toplanışları səbəbindən çempionatda yaranan fasilələr və bunun nəticəsində Topaz Premyer Liqasının təqvimində əmələ gələn sıxlıq, çempionatın təqvimi tərtib olunarkən avrokubokların qrup mərhələsinin oyunlarının nəzərə alınmaması uğursuzluqların səbəbi kimi göstərilib.

Ancaq Ramin Musayev bunu bəhanə sayır: “Klub prezidenti Sadıq Sadıqov Həcc ziyarətindən yenicə qayıdıb. Uğursuzluqlar ona bir növ başqa cür çatdırılmalı idi. Bu üzdən Böyükağa müəllim çempionatın təqvimini bəhanə gətirib. Ona “Rubin”lə oyunda uğurlar arzulayıram. PFL kollektivi də stadiondan “Neftçi”ni dəstəkləməyə gələcək. Ancaq sizdən bir xahişim var. “Rubin”in saytını ona göstərin. Onda görər ki, “Rubin” turnir cədvəlində neçənci pillədədi. Bəlkə onların bu yerdə olmasında Rusiya PFL-i günahkardı? Belə çıxır ki, biz ruslara baxanda çempionatı daha yaxşı təşkil edirik...”.