Kurban Berdıyev “Neftçi”yə əlavə məlumat vermək istəməyib
05.11.2012 - 18:25
Kurban Berdıyev “Neftçi”yə əlavə məlumat vermək istəməyib
“Neftçi”nin Avroliqanın qrup mərhələsində növbəti rəqibi olan “Rubin” Rusiya Premyer Liqasının növbəti turunda “Mordoviya” ilə səfər oyununa bir sıra aparıcı futbolçularını aparmayıb. Apasport.az saytının məlumatına görə, Saranskda 3:1 hesabı ilə gəldikləri oyunda legionerlər - Gökdəniz Karadəniz, Salvatore Bokketti, Karlos Eduardo, Aleksey və Roman Yeryomenko qardaşları Kazan təmsilçisinin düşərgəsində olmayıb.

Təbii ki, bu, rusiyalı jurnalistlərdə də maraq doğurub. Yəni “Rubin” ya heyəti geniş olduğundan, ya da Bakıya səfər öncəsi aparıcı futbolçularını qoruduğundan belə addım ata bilərdi.

Kazanlıların baş məşqçisi Kurban Berdıyev bildirib ki, komandada zədəlilərlə yanaşı, süni örtüklü meydançaya çıxmağı məsləhət olmayan futbolçular var. O, Bokketti ilə Roman Yeryomenkonun zədələrinin nə dərəcədə ciddi olmağı və noyabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda meydançaya çıxmaq şansları haqda bunları deyib: “Mən rəqiblərimizə əlavə informasiya verməmək üçün bu haqda danışmayacağam. Bəli, zədəlilər var. Ancaq onların Avroliqa matçına hazırlığına çərşənbə axşamından tez aydınlıq gəlməyəcək”.