“İnter”i qrupa yola saldı, Bakıya yubiley üçün gəlir
05.11.2012 - 18:32
“İnter”i qrupa yola saldı, Bakıya yubiley üçün gəlir
“Neftçi”nin Avroliqanın qrup mərhələsinin IV turunda “Rubin”lə ev oyununa baş hakim təyin olunan Manuel De Souza yubiley matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, 37 yaşlı portuqaliyalı hakim üçün noyabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç cari mövsümdə 15-ci oyun olacaq. Bunlardan 11-i ölkə daxili, 3-ü Avroliqa matçları olub.

Tam adı Manuel Jorje Neves Moreyra De Souza olan hakim ölkəsinin yüksək liqasında cari mövsümdə 3 oyun idarə edib. Bunlardan oktyabrın 7-də keçirilən “Portu” – “Sportinq” mövsümün əsas matçlarından sayılır. O, meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi oyunda 12 sarı vərəqə verib, qonaqların argentinalı müdafiəçisi Markus Roxoya qırmızı vərəqə göstərərək, meydandan qovub. Portuqaliyalı cari mövsümdə ümumilikdə 87 sarı, 8 qırmızı vərəqə göstərib. Bu da 1 oyuna orta hesabla 7 sarı vərəqədən çox deməkdir.

De Souzanın Avroliqada baş hakimi olduğu matçlardan biri qrupumuzda rəqib “İnter”in iştirakı ilə olub. Ancaq bu, qrup mərhələsində yox, son təsnifat mərhələsində Rumıniyanın “Vaslui” klubu ilə avqustun 30-da Milanda 2:2 hesabı ilə nəticələnən cavab oyunu olub. Yəni məhz bu matç italyanların qrup mərhələsinə çıxdığını rəsmiləşdirib.

FİFA hakimi bunadək avqustun 2-də III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Herenveen” (Hollandiya) – “Rapid” (Rumıniya) və oktyabrın 4-də qrup mərhələsində “Sparta” (Çexiya) – “Atletik” (İspaniya) matçlarını idarə edib. Meydan sahiblərinə düşərli hakim olan portuqaliyalının matçlarında müvafiq olaraq 4:0 və 3:1 hesablı qələbələr qeydə alınıb.