Elhad Nəziri: 84 dəqiqə və “mükafat”
05.11.2012 - 18:55
Elhad Nəziri: 84 dəqiqə və “mükafat”
Millimizin debütantlarından olan Elhad Nəziri ölkəmizə məyus qayıdıb. Apasport.az saytının məlumatına görə, buna səbəb onun çıxış etdiyi “Milsami” klubunun son turda məğlub olmasıdır.

Belə ki, Moldova çempionatının 15-ci turunda “Tiraspol”un qonağı olan Orhey təmsilçisi 1:2 hesabı ilə yenilib. Tiraspollular artıq ilk yarıda Zariçnyuk və Fredin qolları ilə hesabda önə keçib. Elhadın komandasının gücü yalnız 74-cü dəqiqədə vurulan təsəlli qoluna çatıb.

Bu qolu da “Xəzər Lənkəran”ın sabiq müdafiəçisi Bruno Simao vurub. Portuqaliyalı futbolçu uzatma dəqiqələrdə sarı vərəqə almağı da unutmayıb. Maraq üçün AZAL-ın sabiq hücumçusu Georgi Boqyunun “Milsami”ni 90 dəqiqə kapitan qismində meydana çıxardığını qeyd edək.

Nəziriyə gəlincə, həmyerlimiz ilk dəqiqələrdən meydanda olub. O, baş hakim Qabriel Tupiçika tərəfindən 59-cu dəqiqədə sarı vərəqə ilə “mükafatlandırılıb”. Qol vurmaq lazım olduğundan, müdafiədə oynayan futbolçumuz 84-cü dəqiqədə yerini kot-dİvuarlı forvard Osman Traoreyə verib.

Qeyd edək ki, Elhad bundan öncəki turda - “Milsami”nin lider “Şerif”i darmadağın etdiyi (3:0) matçda ehtiyatda qalmışdı. Onun komandası hazırda turnir cədvəlində 7-ci pillədədi.