Sissi Rayt: Bəzən həmin oyunçu taktikanın qurbanı olur - MÜSAHİBƏ
06.11.2012 - 00:09
Sissi Rayt: Bəzən həmin oyunçu taktikanın qurbanı olur - MÜSAHİBƏ
17 yaşadək qızlardan ibarət yığma komandamız Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Avstriya, İsveç və Xorvatiya ilə qarşılaşıb. İlk iki oyunda məğlub olan komandamız qrup mərhələsini böyük hesablı qələbə ilə yekunlaşdırıb. Oyunlar başa çatdıqdan sonra yığmamızın baş məşqçisi Sissi Raytla apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Xorvatiya ilə oyun barədə nə deyə bilərsiniz?
- Məqsədimiz qələbə qazanmaq idi, buna da nail olduq. İstəyirdik ki, turniri qələbə ilə yekunlaşdıraq. Həm də oyunumuzla layiq olduğumuzu sübut edərək.

- Hər oyunda start heyətində dəyişikliklər etdiniz. Bu rəqibə qarşı hesablanmış addım idi, yoxsa güvəndiyiniz, sonradan isə ehtiyata atdığınız həmin futbolçular ümidləri doğrultmadı?
- Səbəb kimi ikisini də qəbul edirəm, amma hərəsindən bir az. Hər üç oyunda etimad edib meydana buraxdığım futbolçular arasında ümidlərimi doğrultmayanı olurdu ki, onu da sonradan əvəzləyirdim. Onları meydana buraxarkən, məşqdəki hazırlıqlarını nəzərə alırdım. Eyni zamanda rəqibə uyğun taktika, buna uyğun isə futbolçu seçirəm. Əgər həmin oyunçu verilən tapşırığın öhdəsindən gələ bilmirsə, artıq o, taktikanın qurbanı olur.

- Yuxarıda oyunla bağlı məqsədinizə çatdığınızı dediniz. Bəs turnirə gələrkən hansı hədəfləri seçmişdiniz və buna nə dərəcədə nail oldunuz?
- Çətin qrupa düşdüyümüzü bilirdik. Əvvəlcədən də bilirdik ki, İsveç, Avstriya güclü komandalardır. Həmin komandalarla oyunlar daha çox təcrübə toplamağımıza xidmət edirdi. Turnirdən əvvəl isə heç bir proqnoz verə bilməzdim. Çünki dünya çempionatından sonra bir neçə futbolçumuz U-17-dən U-19-a yollandı. Əvəzində komandaya yeni oyunçular cəlb etdik. Yenilənmiş komanda isə heç bir yoldaşlıq oyununda gücünü sınamayıb. Kollektivlə ilk duelimiz Avstriya ilə oldu. Bu da rəsmi görüş idi. Nəticələri kənara qoysaq, komandam haqda onu deyə bilərəm ki, hər 3 matçda sabit oyun nümayiş etdirdik. Üstəlik U-17 adına müsbət məqamlardan biri də 5 gün ərzində 3 oyun keçirmələri oldu. Oyunların eyni meydançalarda keçirildiyini və havanın yağmurlu olduğunu nəzərə alsaq, istər-istəməz qazonda problemlər yaranmışdı. Ot örtüyü müəyyən mənada korlanmışdı. Bu da komandanın oyununa pis təsir edirdi. Futbolçuların fitness hazırlığı isə qaydasında idi. Avstriyaya oyunlardan bir həftə əvvəl gəlməyimizin də müsbət təsiri danılmazdır. Təqvimə diqqət yetirsək, hər iki güclü rəqiblə ilk iki oyunda qarşılaşdıq. Ancaq futbolçularımda heç bir “sınma” müşahidə etmədim. Komandamla fəxr edirəm ki, iki məğlubiyyətdən sonra ruh düşkünlüyü yaşamadıq və yarışı major notda başa vurduq.

- Hava şəraiti, eləcə də təqvimdə edilən dəyişiklik hansısa şəkildə təsirini göstərdimi?
- Biz Avstriyaya bir həftə əvvəl gəlmişdik. Həmin vaxt qısaqol köynəkdə məşq edirdik. Hava soyuyan vaxt tədricən buna uyğunlaşdıq. Ancaq turnirdən cəmi 1-2 gün əvvəl gəlsəydik, bunun mütləq, özü də mənfi təsiri olacaqdı. Təqvimin sıxlığı isə heç bir təsir etmədi.

- Yoldaşlıq oyunu keçirməməyiniz nə ilə bağlı idi?
- İki yoldaşlıq oyunu keçirmək istəyirdik. Ancaq alınmadı. Səbəbinə gəldikdə, bəzi qruplar istisna olmaqla əksər seçmə oyunlar başa çatmışdı. Həm də dünya çempionatı yenicə başa çatdığından, bir çox komandalar isə istirahət edirdi. Bir sözlə, yoldaşlıq oyunu üçün sərfəli vaxt deyildi.

- İki ildən bir qədər artıqdır ki, Azərbaycanda çalışırsınız. Bu müddət ərzində tərtib etdiyiniz planı nə dərəcədə yerinə yetirə bildiniz?
- İki il əvvəlki vəziyyəti nəzərə alsaq, indiki nailiyyətləri gözləmək olmazdı. Bu müddət ərzində biz çox inkişaf etmişik. Futbol akademiyasına yeni həyat gətirdik. U-15 qızlar liqası artıq ikinci mövsümünə start verib. U-17 qızlar liqası isə üçüncü ildir keçirilir.
İlk təlim-məşq toplanışına U-15 qızlar yığması ilə başladıq. Əvvəl-əvvəl çox zəif idik. Tədricən komandamızı gücləndirdik. Həmin komanda ikinci dəfə Avropa çempionatının seçmə mərhələsində iştirak etdi. Dünya çempionatına gəldikdə, biz məğlub olmaq üçün hazırlaşmırdıq. Məqsədimiz xal qazanmaq idi. İki il əvvəl mənə sual veriləndə ki, bu komandadan nə gözləyirsiniz, deyirdim ki, biz dünyanın 15 ən güclü yığmasına qarşı mübarizə aparacağıq. İşimiz çox çətin olacaq. Amma Kanada ilə oyunda taktiki cəhətdən çox yaxşı çıxış etdik. Göstərdik ki, nə isə qura bilirik.

- Artıq fasilədir. Futbolçulara hansı tapşırıqlar verdiniz?
- İlin sonuna qədər hansısa təlim-məşq toplanışı keçirmək məqbul deyil. Həm də futbolçuların tək fiziki deyil, eyni zamanda psixoloji baxımdan dincəlməyə ehtiyacı var. Ona görə də, onlara yaxşı istirahət etməyi tapşırdım.