Fərqli reqlamentlə
07.11.2012 - 12:13
Fərqli reqlamentlə
Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandasının (U-17) çıxış edəcəyi növbəti Avropa çempionatının seçmə mərhələsinin reqlamentində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bu dəfə yarışa 44 komanda qatılacaq və onlardan da 40-ı birinci mərhələdən mübarizəyə başlayacaq.

Artıq həmin 40 iştirakçı 3 səbətə bölünüb. A və B səbətinin hərəsində 10, C səbətində isə 20 komanda yer alıb. Reqlamentə əsasən, ilkin mərhələdə komandalar hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Hər qrupa A və B səbətlərindən müvafiq olaraq bir, C-dən isə 2 iştirakçı daxil ediləcək. Bu mərhələnin oyunları iyulun 1-dən 7-dək və iyulun 29-dan avqustun 11-dək baş tutacaq.

İkinci mərhələyə isə qrup qalibləri ilə yanaşı, 2-ci pillənin sahibləri də yüksələcək. Eyni zamanda 3-cü pillədə qərarlaşacaq komandalar arasında ən yaxşı nəticəyə sahib olanı da ikinci mərhələdə mübarizə aparacaq. Bu 21 komandaya əlavə olaraq yüksək reytinqə malik və birinci mərhələdən azad olan Almaniya, İspaniya və Fransa yığmaları da qoşulacaq. Komandalar yenidən hərəsində 4 iştirakçı olmaqla 6 qrupa bölünəcək. İlk pilləni tutan millilərlə yanaşı, 2-ci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə sahib olanı da həlledici mərhələyə yüksələcək.

Final oyunları İngiltərədə keçiriləcəyindən, meydan sahibləri də mübarizəyə qoşulacaq. Həmin 8 komanda 2 qrupda yarışacaq.
U-17 qızlar arasında 2007/2008 mövsümündən etibarən keçirilən qitə birinciliyinin bütün final matçları İsveçrənin Nyon şəhərində baş tutub.
Özü də həlledici mərhələyə 8 deyil, cəmi 4 komanda yüksəlirdi.
Yarımfinal oyunlarının ardından məğlublar 3-cü yer uğrunda oyuna çıxır, qaliblər isə çempionun adını müəyyənləşdirirlər. Hələlik bu yaş üzrə sonuncu Avropa çempionu Almaniyadır. Onlar finalda Fransanı məğlub etməyi bacarıb. Növbəti mövsümdə ilk dəfə final mərhələsi 8 komandanın iştirakı ilə, ilk dəfə Noyandan kənarda keçiriləcək.

Səbətlərə gəldikdə, komandalar reytinq əsasında bölünüblər. Millimiz C səbətində yer alıb. Cari Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamızın rəqibi olmuş İsveç A, Avstriya B, Xorvatiya isə C qrupunda yer alıb. Səbətləri diqqətinizə çatdırırıq:

A: Danimarka, İsveçrə, İrlandiya, İslandiya, Niderland, İsveç, Norveç, Çexiya, Belçika, Polşa

B: Finlandiya, Şotlandiya, İtaliya, Avstriya, Macarıstan, Rusiya, Uels, Rumıniya, Serbiya, Sloveniya

C: Türkiyə, Belarus, Ukrayna, Farer adaları, Latviya, Bosniya və Herseqovina, Xorvatiya, İsrail, Qazaxıstan, Moldova, Yunanıstan, Litva, Estoniya, Şimali İrlandiya, Bolqarıstan, Makedoniya, Azərbaycan, Monteneqro, Portuqaliya, Slovakiya

İkinci mərhələdən mübarizəyə qoşulacaq komandalar: Almaniya, İspaniya, Fransa

Final mərhələdən mübarizəyə qoşulacaq komanda: İngiltərə (ev sahibi)

Qeyd edək ki, noyabrın 20-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 11.30-da başlayacaq.