“Böyükağa Hacıyevi öldürmək olar, sındırmaq yox”
07.11.2012 - 19:41
“Böyükağa Hacıyevi öldürmək olar, sındırmaq yox”
“Kurban Berdıyevə böyük hörmət bəsləyirəm. Artıq 54 yaşım var, çalışın, məni qıcıqlandırmayın”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Avroliqanın qrup mərhələsində Azərbaycanı təmsil edən “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.

O, turnirin IV turu çərçivəsində “Rubin”lə Bakıdakı oyun öncəsi fikirlərini açıqlayıb.

Hacıyev deyib ki, hər bir məşqçi öz komandasını daha yaxşı tanıyır: “Bir şeyi yadda saxlayın ki, həyatda Böyükağa Hacıyevi öldürmək olar, ancaq sındırmaq yox. “Rubin”lə oyuna yaxşı köklənmişik”.

Veteran məşqçi futbolda hər bir nəticənin mümkün olduğunu bildirib: “Klubla müqavilə imzalayanda orada göstərməmişəm ki, bütün oyunları udacağam. Qalib də gələ bilərəm, uduza da. Fikir verdinizsə, az hallarda heç-heçə oynayıram. Taktikaya gəlincə, bunu indidən deyə bilmərəm. Bunu səhər 6-da mənə təb gələndə biləcəyəm. Həmin vaxt yuxudan dururam, bazanı gəzirəm və oyun öncəsi taktikanı müəyyənləşdirəcəyəm”.

Bahodir Nasimov, Cavid İmamverdiyev, Rodriqinyonun zədə probleminin olduğunu bildirən Hacıyev gənc futbolçu Emin Mehtiyevin son oyunda özünü yaxşı tərəfdən göstərdiyindən, start heyətində meydana çıxacağını bildirib: “Bahodir hazır olsaydı, 2 hücumçu ilə oynayardım. Ancaq bizim heyət “Rubin”inki kimi geniş deyil. Nikolas Kanalesi hər dəfə oynayanda, o da yüklənir. İnsandır, robot deyil. “Rubin”lə matçda fərqli taktika ilə oynayacağıq. Bu, 2 insaydla olacaq. Hər bir taktika yaxşıdır. Əsas bunun ifaçılarının yaxşı olmağıdır”.

“Neftçi”nin çalışdırıcısı rəqibdən çəkinmədiklərini bildirib. Onun sözlərinə görə, “Rubin” “Barselona”ya qalib gəlib deyə, ondan qorxmurlar: “Əgər görsəniz ki, Böyükağa Hacıyev oyundan 1 gün öncə əsir, siz də bunu edin. Ancaq bu, mümkün deyil. Biz sabah qrup mərhələsində ilk qələbəmizi qazanmaq istəyirik. Bu mənada azarkeşlərdən böyük dəstək gözləyirik. Mən arxı tullanmamış “hop” demirəm. Necə deyərlər, iştaha diş altındadır. Proqnoz verməyi xoşlamıram. Bunu edə bilsəydim, “Topaz” oynayardım”.

Hacıyev 3-cü tarixi yazmaq istədiyini bildirib: “İlk tarixi “Bakı”nın baş məşqçisi olan zamanı yazdım. Onda 5-ci yerdə olan komandanı ardıcıl 8 qələbə ilə çempion etdim. Bundan sonra “Neftçi”nin Avroliqanın qrupuna çıxarmaqla, tarix yazdım. İndi 3-cü tarixi yazmaq istəyirəm. Əminəm ki, futbolçularımız bunun üçün əlindən gələni edəcək”.