Cavid İmamverdiyev: Gördüm ki, uşaqlar haqlıdı - MÜSAHİBƏ
08.11.2012 - 00:10
Cavid İmamverdiyev: Gördüm ki, uşaqlar haqlıdı - MÜSAHİBƏ
“Neftçi” klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyevin apasport.az saytına müsahibəsi

- Əməliyyatdan sonra vəziyyətiniz necədi? Məşqlərə başlamısınız?
- 2-3 gündür məşq edirəm. Fərdi şəkildə çalışıram. Həkimlər hələlik kollektiv çalışmalara icazə vermir. Cünki əməliyyatdan 10-12 gün vaxt keçib. Həkim məşqlərimə nəzarət edir. Əsasən gücə işləyirəm. Yavaş-yavaş bərpa olunuram.

- Hansısa ağrı hiss edirsiniz?
- Şükürlər olsun ki, ağrım yoxdur. Həm də həkimlər indi risk etmək istəmirlər.

- Komandaya nə vaxt qoşulacaqsınız?
- Hardasa bir həftədən sonra kollektiv məşqlərə qatıla biləcəm. Ola bilsin, bu vaxt bir qədər tez və ya gec də olsun. Yekun sözü həkimlər deyəcək.

- “Neftçi” bu gün növbəti sınağına çıxır. “Rubin”lə oyunda nəyə ümid etmək olar?
- Komanda yoldaşlarıma inanıram. Ən azı heç-heçə edəcəyimizi düşünürəm. Çünki Kazandakı matçın xüsusilə də ikinci hissəsi onu göstərdi ki, “Rubin”ə qarşı oynamaq olar.

- Kənardan komanda necə görsənir?
- Çox çətindir. Çünki uşaqlar əziyyət çəkir, sən isə kənarda durub baxırsan. Əvvəllər uşaqlar bunu deyəndə əhəmiyyət vermirdim. İndi gördüm ki, uşaqlar haqlıdırlar.

- Yeri gəlmişkən, “Neftçi” Topaz Premyer Liqasında ardıcıl məğlubiyyətlər yaşadı. Komanda doğurdan çatdırmır?
- Bu məğlubiyyətlərin yeganə səbəbi yorğunluqla bağlıdır. Meydana çıxanda, istər-istəməz təzyiq altında olursan. Azarkeşlər bizdən çempionluq gözləyir. İnanmıram ki, kimsə qəsdən zəif oynasın. Əksəriyyəti ilə iki ildir birgə oynayırıq. Həm də indi başımız Avropa Liqasına qarışıb. Yəqin ki, toparlanmağı bacaracağıq.

- Bu gedişlə növbəti mövsümdə avrokuboklarda çıxış etməyə bilərsiniz...
- Bunun baş verəcəyinə inanmıram. Toparlanmalıyıq. Məcburən oynamalıyıq. “Neftçi” Azərbaycan futbolunun lideridir. Dördüncü və ya beşinci pillə bizə yaraşmaz.