Sadıq Sadıqov: “İnter”i udmaq absurd bir şeydi - MÜSAHİBƏ
08.11.2012 - 00:01
Sadıq Sadıqov: “İnter”i udmaq absurd bir şeydi - MÜSAHİBƏ
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi

- Komandanızın Avropa Liqasının növbəti turunda “Rubin”lə ev oyununa hazırlığı necə gedir?
- Hər şey qaydasındadı. Komanda 2 gündür bazada təlim-məşq toplanışındadır. Əhval-ruhiyyə yaxşıdır. Qələbə qazanacağımıza inanıram.

- “Neftçi” Kazanda 0:1 hesabı ilə uduzduğu oyun zamanı Həcc ziyarətində idiz. Sonradan videoyazısını izlədiyiniz matçı necə dəyərləndirərdiniz?
- Düz deyirsiniz, matçın videoyazısını baxdım. Deyim ki, komanda pis təsir bağışlamamışdı. Qol imkanları da olmuşdu, ancaq dəyərləndirə bilməmişdilər. “Rubin” Rusiyada öz sözünü deyən komandalardandı. Ancaq rəqibin iddiasına baxmayaraq, komandamızın səfərdə göstərdiyi oyun xoşuma gəldi. Kazanda hava çox soyuq idi, futbolçuların adaptasiya prosesini də nəzərə almaq lazımdır. Düzdür, komanda ora 2 gün əvvəl getsə də, bəzi məsələlər özünü göstərdi. Futbolçular and içirdilər ki, soyuqdan ayaqlarını hiss eləmirdilər.

- Ümumiyyətlə, qrupda qalan son 3 oyunda nəyə ümid edirsiniz, hansı nəticəni gözləyirsiniz?
- Gəlin, səmimi danışaq. Əsas fikrimiz “Rubin” və “Partizan”la ev oyunlarına yönəlib. Həmin görüşlərdə qələbə qazanmaq istəyirik. Bundan sonra “İnter”lə səfər matçımız var. Rəqib dünyanın ən güclü klublarından biridir. “İnter”i udmaq absurd bir şeydi. Ancaq “Rubin” və “Partizan” keçiləsi komandalardı. Bu 2 oyunda yaxşı nəticə göstərməyə çalışacağıq. Onu da nəzərə almaq lazımdır ki, həmin matçları Bakıda, azarkeşlərimiz önündə keçirəcəyik.

- Azarkeşlərdən söz düşmüşkən, “İnter”lə oyunda Respublika stadionu ağzınacan dolmuşdu. “Rubin”lə görüşdə də tribunaların dolacağını gözləyirsiniz?
- İnanıram ki, bizi dəstəkləməyə xeyli azarkeş gələcək. Bilet satışı ilə də maraqlanırıq. Noyabrın 7-nə olan məlumat belədir ki, 12 min bilet satılıb. Bu rəqəmin 20 minə yaxın olacağına inanıram.

- Avroliqada oynamaq “Neftçi”nin çempionatda çıxışına mənfi təsir göstərir?
- Bu gün 2 cəbhədə oynamaq çox çətindir. Nə qədər səviyyəli futbolçu olursa-olsun, komandamız 2-3 gündən oynamağa hazır deyil. Futbolçular çatdıra bilmirlər. “Rubin”lə oyundan 2 gün sonra “Rəvan” uduzmaları da məhz bunun nəticəsidir. Nə qədər gücləri çatır, o qədər də oynayırlar. Avroliqada oynayan bilən səviyyəli futbolçular alınmağı haqda düşünürük. Bununla hazırkı çatışmazlıqları gələcəkdə aradan qaldıra bilərik.

- Deməli, qış fasiləsində yeni transferlər gözlənilir...
- Ay yarım bundan öncə seleksiyaçı-məşqçilərə çatışmayan mövqelərə legioner, yaxud yerli futbolçuların gətirilməyi ilə bağlı göstəriş vermişəm. Qış “transfer pəncərəsi” açılan kimi komandaya yeni futbolçular cəlb olunmalıdır ki, tam hazırlıq keçməyə vaxtımız olsun.

- Yəqin ki, əsasən qapı və hücum xəttinə futbolçu axtarırsınız...
- Tək həmin 2 mövqe deyil. Müdafiədə, orta sahədə də böyük çatışmazlıqlar var. Zədəli olan hücumçumuz Bahodir Nasimov “altılıq” oyunlarında çıxıb bizə kömək edəcəkdi. Bunda problem yoxdur. Nikolas Kanales yavaş-yavaş adaptasiya olunur. Ən vacibi hücumçunu topla təmin edən yarımmüdafiəçi lazımdır.

- Premyer Liqada uğursuzluğun əsas səbəblərindən biri kimi təqvimdəki sıxlığı göstərmisiz. Ancaq Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bunu bəhanə saymaqla, məşqçilərin uğursuzluğu bununla sığortaladıqlarını düşünür...
- Ramin müəllimin fikirləri ilə tanışam. O, Avropa klublarını nəzərdə tutur. Bəli, razıyam ki, onlar 2-3 gündən bir oynayırlar. Futbolçuların səviyyəsi, onlarla bağlanan müqavilə bunu göstərir. Həm fiziki, həm də maliyyə baxımından üstünlükləri var. Fikrimcə, Avroliqada iştirak edirdiksə, bizə böyük dəstək lazım idi. Yalnız təqvimi nəzərdə tutmuram. Hələ heç nə itirməmişik, öz sözümüzü deyəcəyik.

Mehman SÜLEYMANOV