“İnter” bəyanat verdi: Samir Abasov üzr istəməlidir!
08.11.2012 - 14:28
“İnter” bəyanat verdi: Samir Abasov üzr istəməlidir!
“İnter” sabiq futbolçusu Samir Abasovun klubun azarkeşləri ilə söz davasına çıxmasına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi hazırda “Sumqayıt”da kapitan funksiyasını daşıyan müdafiəçinin Topaz Premyer Liqasının XII turundakı oyunlarında etdiyi hərəkətlə bağlı bəyanat yayıb.

Bildirilir ki, azarkeşlərlə Abasov arasında xoşagəlməz insident ikinci hissədə baş verib: “Sumqayıt”ın futbolçusu komandamızın azarkeşlərini təhqir etməyə başlayıb. Təəssüf ki, münaqişə matçdan sonra da davam edib. Belə ki, ev sahiblərinin kapitanı müsahibələrinin birində 3 il müddətində çıxış etdiyi klubumuz haqqında mənfi fikirlərə yer verib və azarkeşlərimizi təhqir edib. Samir Abasov həm sıralarında çox sayda uşaqların olduğu azarkeşlərimizə, həm də “İnter”ə qarşı hörmətsizlik edib. Halbuki məhz bizim komandamızın heyətində ölkə çempionu olub və bir neçə il ərzində “İnter”dən əmək haqqı alıb”.

Bəyanatda belə hadisənin peşəkar futbolçu üçün yolverilməz olduğu vurğulanıb: “Belə “küçə söyüşləri”lə Samir Abasov nəinki “İnter”ə, həm də Azərbaycanın bütün futbol ictimaiyyətinə qarşı hörmətsizliyini nümayiş etdirib. “İnter” rəhbərliyi “Sumqayıt”ın rəhbərliyindən kapitanı haqqında ölçü götürməsini xahiş edir. Bundan başqa, biz Samir Abasovdan “İnter”in Azarkeş Klubundan üzr istəməsini də tələb edirik!”

Qeyd edək ki, “Sumqayıt” - “İnter” matçı 0:0 hesabı ilə başa çatıb.