Maksim Medvedev: Onlar futbol oynamağı bacarırlar - MÜSAHİBƏ
09.11.2012 - 00:01
Maksim Medvedev: Onlar futbol oynamağı bacarırlar - MÜSAHİBƏ
Azərbaycan millisinin müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi

- Yığmamız noyabrın 14-də Şimali İrlandiya ilə qarşılaşacaq. Belfastda baş tutacaq oyuna hazırlıq necə gedir?
- Yüksək səviyyədə məşq edirik. Rəqibin necə futbol oynadığını, bizi orada nə gözlədiyini yaxşı bilirik. Həm də 4 futbolçu hələlik hazırlığa qatılmayıb. Sabahdan tam heyətlə çalışmaları davam etdirəcəyik.

- Əsasən hansı elementlər üzərində çalışırsınız?
- Təkətək mübarizələr və hava topları üzərində. Məşq prosesi zamanı təxminən 75 faiz “ikinci mərtəbə”də oyuna hazırlaşırıq. Çünki irlandlar hava toplarına üstünlük verirlər. Bir də dözümlülük üzərində çalışırıq.

- Bəs Şimali İrlandiyanın oyununu izləmisiniz?
- Tam yox, fraqmentlərə baxmışam. Yəqin ki, oyunqabağı komanda şəklində onların oyunlarının videoyazısına baxacağıq.

- Rəqibin səfərdə Portuqaliya ilə heç-heçə etməsi komandamız üçün siqnal ola bilərmi?
- Əlbəttə, Portuqaliya kimi güclü komanda ilə heç-heçə etmələri diqqətdən yayına bilməz. Çünki həmin komandaya qarşı biz də oynamışıq və portuqallarla duelin həddən çətin olduğunu bilirik. Nəticə irlandların da zəif komanda olmadığını ortaya qoyur.

- Qrup mərhələsi çərçivəsində artıq 3 oyun arxada qalıb və millinin aktivində 1 xal var. Bunu necə dəyərləndirirsiniz?
- Demək olar qrupdakı ən güclü komandalara qarşı oynamışıq. İsraillə heç-heçə etdik, Rusiya və Portuqaliya kimi komandalarla isə səfərdə qarşılaşdıq. Əslində, ruslarla dueldən xalla ayrılmağa yaxın idik. Çalışacağıq ki, daha çox xal toplayaq.

- Sol cinahda yer almağınız müzakirə edilir. Özünüzü solda necə hiss edirsiniz?
- Sağa baxanda, sol cinahda oynamaq rahat deyil. Gərək sol ayaqla çox oynayım. Hava mübarizəsi zamanı bunun fərqi yoxdur. Amma hücuma qoşulanda mütləq sol ayağımı işlətməliyəm. Yeganə problem bunda ola bilər. Əslində, sol ayağımla da oynaya bilirəm. Amma sağla eyni effekti vermir. Uzun ötürmə sağ ayaqla daha yaxşı alınır. Oyun zamanı da hardasa 85 faiz sağ ayaqla oynayıram.

- Belfastda havanın soyuq olması oyununuza mənfi təsir edə bilərmi?
- Eşitdiyimizə görə, havanın temperaturu aşağıdır. Ancaq Rusiyadakından da soyuq olası deyil ki. Meydana çıxdıqdan sonra soyuğu elə də hiss etmirsən.

- Nəticə barədə proqnoz verə bilərsinizmi?
- Çalışacağıq ki, heç olmasa, bir xal qazanaq. Şimali İrlandiya güclü komandadır. Əslində, qələbə üçün mübarizə aparacağıq. Biz də istəyirik ki, 3 xal qazanaq. Reallığı nəzərə alsaq, görərik ki, onlar da futbol oynamağı bacarır. Portuqaliya ilə oyun buna sübutdur.