“Rahid Əmirquliyevə ağız açmaq istəmirəm”
09.11.2012 - 00:05
“Rahid Əmirquliyevə ağız açmaq istəmirəm”
“İkinci dəfə bombardir oluram. Amma ilk dəfə bombardir olanda mənə mükafat verilməmişdi. Halbuki, çempionatda 3 bombardirdən biri olmuşdum və qollarımın heç birini penaltidən vurmamışdım. O zaman yalnız bir futbolçuya mükafat verilmişdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Şahdağ”ın hücumçusu Zahid Tayıbov deyib.

Qusar təmsilçisinin ötən mövsüm 16 qolla bombardiri olan Tayıbov futboldan iyrəndiyini söyləyib: “Mövsüm başa çatdıqdan sonra mənimlə heç bir klub maraqlanmadı. Futboldan da bezmişdim. Getmək istəyirdim. Ancaq sonradan fikrimdən daşınıb daha 1 il də peşəkar futbolda qalmaq fikrinə düşdüm”.

Tayıbov elita klublarına keçmək üçün kiməsə ağız açmaq istəmədiyini də dilə gətirib: “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev də Qusardandır. Ancaq ona ağız açmaq istəmirəm. Çünki onun 23, mənim 30 yaşım var. Özümdən kiçiyə bu yöndə müraciət etməyim düzgün çıxmaz”.