Böyükağa Hacıyev: Şir ürəyi yemişik
08.11.2012 - 23:15
Böyükağa Hacıyev: Şir ürəyi yemişik
“Əgər ikinci hücumçumuz olsaydı, bu gün onu da meydana buraxardım. Sərəncamımda konkret hücumçu yoxdur. Buna görə də son dəqiqələrdə müdafiəçini müdafiəçi ilə əvəzləməli oldum. Mahir Şükürov zədə aldığından, əvəzlənməyini istədi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

O, Avroiqnaın qrup mərhələsində “Rubin”ə evdə 0:1 hesabı ilə uduzduqları oyunda braziliyalı futbolçusu Flavinyonu fərqləndirib: “O, bu gün ən yaxşı futbolçumuz idi. Mən razı deyiləm ki, onun fərdi oyunu məğlubiyyətin əsas səbəbi oldu. Hər bir komandada Flavinyo kimi oyunu öz üzərinə götürə bilən futbolçu olmalıdır. Yaxında onun xaricdən təklif aldığını eşitsəniz, təəccüblənməyin”.

Heyətinin güclənməli olduğunu deyən Hacıyev Cavid İmamverdiyevlə Bahodir Nasimovun zədəli olmalarının onlara çətinlik yaratdığını bildirib: “Bahodir Avroliqaya hazır ola bilmədi. Buna görə də Nikolas Kanalesə hücumda tək çətindir. Cavid də hücumda oynaya bilər. Ancaq onun qəfildən zədələnməyi planlarımızı pozdu. “Neftçi”yə yeni transferlər olacaqsa, bu, dekabrdan gec olmamalıdır. Mən komandada tez-tez heyətin dəyişilməyinin tərəfdarı deyiləm”.

Baş məşqçi kapitan Rəşad Sadiqovun oyununun zəifləməsi ilə razılaşmayıb: “Bizdə belə bir məsəl var ki, gəlin, sərçəni əlimizdə bərk tutaq, qaranquş gəldi gedərdi. Rəşad ən yaxşı futbolçularımızdan biridir. Belə oyunçuların yetişməyi üçün uzun illər vaxt lazımdır. Onun yaxşı oyunları olub. Sadəcə, görünür ki, Rəşad hələ tam uyğunlaşmayıb. Əgər bu gün Sadiqov millinin baş məşqçisi tərəfindən dəvət edilirsə, ona pis futbolçu demək olmaz. Futbola milyonlar baxır, futbolçunu qara qaşına, qara gözünə görə oynatmırlar. Sadiqov zəif oynasa, onu ən çox tənqid edən mən olacağam”.

Bu gün bəxtlərinin gətirmədiyini deyən Hacıyev “Rubin”dəki həmkarı Kurban Berdıyevlə oyundan sonra görüşə bilmədiyini deyib: “Məndə olan məlumata görə, Berdıyevin bu gün xanımının ad günü idi. O, bu üzdən tez getdiyindən görüşə bilmədik. Bizdə “Rubin”də olduğu kimi, 34 futbolçu yoxdur. Berdıyevlə yerimizi dəyişsəydik, onda jurnalistlər nə deyərdilər? İnanmıram ki, o, “Neftçi” ilə oyunda tam gücü ilə oynamadıqlarını desin. Mən onun köməkçisinin fikirləri ilə razı deyiləm. “Rubin”in beynəlxalq təcrübəsi, futbolçularının ustalıq səviyyəsi nəticəni müəyyənləşdirdi”.

O, əsas heyətdə yer verdiyi Emin Mehtiyevin çıxışına qiymətləndirib: “Bizdə Eminlə yanaşı, Araz Abdullayev, Mirhüseyn Seyidov Azərbaycan futbolunun gələcəyidir. Bu gün onları meydana buraxmışıqsa, deməli, şir ürəyi yemişik. Bizdə gənc futbolçu Elşən Abdullayev var. O, 19 yaşlılardan ibarət yığmamızda oynayır. 2 ilə Azərbaycanın Xavisi, İnyestası olacaq”.

Hacıyev bildirib ki, bu gün ehtiyat oyunçular skamyası qısadırsa, bunun ən böyük günahı özündədir: ”Mənə həkimlər demişdi ki, Rodriqinyo və Nasimov qayıdır. İmamverdiyev də zədələndi. “Hapoel”lə oyundan sonra 2 futbolçumuz komandadan kənarlaşdırıldı. Zədəli futbolçularımız vaxtında qayıtsaydı, belə problemlər yaşamazdıq”.