Orbais: “Neftçi” gələn il 1/8 finala çıxa bilər
09.11.2012 - 15:29
Orbais: “Neftçi” gələn il 1/8 finala çıxa bilər
“Rubin” klubunun ispaniyalı yarımmüdafiəçisi Pablo Orbais Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda “Neftçi” üzərində qazanılan qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Bizim üçün doğrudan da çətin bir oyun oldu. Topu daha çox özümüzdə saxlamaq istəsək də, bəzi anlarda bu bizə müyəssər olmurdu. Ancaq tarixdə nəticə qalır. Biz nəyin bahasına olur-olsun, 3 xalı qazandıq və növbəti mərhələyə adımızı yazdırdıq.

- Hansı cəhətinə görə sizin komanda “Neftçi”dən daha yaxşı idi?
- Düşünürəm ki, ilk yarıda “Neftçi”dən daha çox qol vəziyyəti yaratdıq. Bunun nəticəsində matçda yeganə qolu ilk 45 dəqiqə ərzində vurduq. Sonra oyuna daha çox nəzarət etməyə çalışdıq. Bunun nə dərəcədə alınıb-alınmadığını dəqiq deyə bilmərəm. Amma nəticə bizim üçün yaxşı qurtardı.

- “Neftçi”dən hansı futbolçunun çıxışı xoşunuza gəldi?
- Flavinyonun oyunu çox xoşuma gəldi. Bir də “Neftçi”də nömrəsini bilmədiyim bir futbolçu yaxşı təsir bağışladı. O, topla yaxşı rəftar edirdi. Ümumilikdə, “Neftçi”nin oyunçuları pis görünmürdülər.

- “Neftçi”nin qrup mərhələsini aşması üçün neçə il lazımdır?
- “Neftçi” çox yaxşı komandadır. Belə davam etsə və növbəti il də qrup mərhələsinə adlasalar, 1/8 finala çıxa bilərlər. Bu il komandanız üçün təcrübə toplamaq üçün yararlı oldu.

- Kazandakı, yoxsa Bakıdakı qarşılaşma sizin üçün çətin keçdi?
- Hər ikisi. Artıq ilk matçda rəqibin təhlükəli komanda olduğunu görmüşdük. Ona görə də Bakıda da rəqibi topsuz qoyub, oyuna nəzarət etməyə çalışdıq. Bununla belə, budəfəki görüşdə də “Neftçi” bizə çətin anlar yaşatdı.

- Oyunun belə çətin keçəcəyini gözləyirdizmi?
- Dediyim kimi, ilk oyundan rəqibin hansı səviyyəyə malik olması haqda bizdə təəssürat formalaşmışdı. Bu üzdən daha diqqətli oynamağa çalışırdıq.