“Bilərəkdən “Neftçi”yə oynamaq şansı vermişdik” - MÜSAHİBƏ
10.11.2012 - 13:07
“Bilərəkdən “Neftçi”yə oynamaq şansı vermişdik” - MÜSAHİBƏ
“Rubin” klubunun argentinalı müdafiəçisi Kristian Ansaldi Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda “Neftçi” üzərində qazanılan qələbədən (1:0) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Qarşılaşma ilə bağlı nə deyə bilərsiz? Öz oyununuzdan razı qaldınızmı?
- Matçın ilk 15 dəqiqəsi bizim üçün çox çətin keçdi. İkinci hissənin əvvəlləri və eləcə də qarşılaşmanın sonlarında da rəqib bizdən üstün oynadı. Çünki həmin dəqiqələrdə biz qəsdən “Neftçi”yə oynamaq şansı vermişdik. Biz nəticəyə oynadığımızdan, rəqib isə hesabı bərabərləşdirməyə çalışdığından, matçın gedişində çətin anlar yaşadıq. Başa düşürdük ki, rəqib bu oyuna xüsusi köklənib və qələbə üçün oynayacaq. Ancaq biz onlardan fərqli, baş məşqçimizin təlimatlarını yerinə yetirə bildik. Ona görə də hər şey bizim üçün əla bitdi. Bu üzdən düşünürəm ki, nəticədən razı ola bilərik. Bizə qələbə lazım idi, ona da nail olduq.

- Rəqib sizi hansısa cəhətinə görə təəccübləndirə bildi?
- Deyə bilmərəm ki, “Neftçi” bizi oyunu ilə təəccübləndirdi. Çünki biz əvvəldən rəqibin gücünü bilirdik. “Neftçi” hələ Kazanda göstərmişdi ki, hörmət olunası komandadır. Bizə orda az problem yaratmamışdılar. Buna görə də burdakı matçın asan keçməyəcəyini bilirdik. Fikrimcə, hamı gördü ki, “Neftçi” qarşılaşmanın gedişatında qapımız önündə az təhlükəli vəziyyət yaratmadı.

- “Neftçi”nin heyətində kimi fərqləndirərdiniz?
- Flavinyonun adını çəkə bilərəm. O, topla əla rəftar edir. Eləcə də, Kanales pis hücumçu deyil. Müdafiəçilər irəli gedərkən onların boş qoyduğu zonalardan yararlanmağa çalışır. Bundan başqa, Ramosu fərqləndirərdim. O, özünü bu gün “dispetçer” kimi əla göstərdi. Düşünürəm ki, bu oyunçular “Neftçi”nin əsas özəyini təşkil edir.

- Bakı xoşunuza gəldi?
- Bəli, şəhəriniz görünüş baxımından çox xoşuma gəldi. Bakı deyildiyi kimi gözəl şəhər imiş. Onun uca binaları heyranedicidir. Şəhərin görməli yerlərinin çox olduğuna əminəm. Heyf ki, Bakıda çox qala bilmədik.