Ramiz Kərimov milli komandada
12.11.2012 - 15:20
Ramiz Kərimov milli komandada
16 yaşadək futbolçulardan ibarət yığma komandada işləyəcək məşqçilərin adlarına aydınlıq gəlib. Bu haqda apasport.az saytına U-16-nın yeni baş məşqçisi Aslan Kərimov məlumat verib.

O bildirib ki, əvvəlki kimi Şaban Şirdanovla birgə çalışacaq. Bundan başqa, komandaya yeni məşqçi gətirilib: “Nikolay Adamla çalışdığımız vaxtdan Şaban Şirdanovla birgəyik. Bu üzdən yeni komandamda onunla yenə bir yerdə olmağa qərar verdim. Digər köməkçim isə “Qəbələ”dən ayrılmış Ramiz Kərimov olacaq. O, çox yaxşı oğlandır. Adamla birgə bu komandada işləməliydi. Məşqçi kursları zamanı Adam onunla işləmək istədiyini bildirmişdi.

Elə oldu ki, Nikolay U-17-yə baş məşqçi təyin olundu, mən də U-16-ya. Bu üzdən qərara aldım ki, qapıçılarla işləyən məşqçimiz məhz Ramiz olsun. İndi bu məsələdə AFFA-nın baş katibi Elxan Məmmədovun da razılığı alınmalıdır. Ancaq düşünmürəm ki, Elxan müəllim seçimimə qarşı olsun”.

Qeyd edək ki, Ramiz Kərimov futbolçu karyerası ərzində “Xəzər Universiteti” və “Xəzər Lənkəran” kimi klubların qapısını qoruyub. Ramiz Məmmədovun “Qəbələ”dən gedişi ilə bu komandanın meneceri olan Kərimov həmin məşqçinin ikinci dəfə qayıdışı ilə klubdan göndərilmişdi.