Aqil Nəbiyev: 1-2 dəfə SMS yazıblar
12.11.2012 - 17:30
Aqil Nəbiyev: 1-2 dəfə SMS yazıblar
AZAL klubunun futbolçusu Aqil Nəbiyevin apasport.az saytına müsahibəsi

- 3 gün öncə səhhətinizdə yaranan problem ucbatından millinin heyətindən kənarlaşdırıldınız. İndi vəziyyətiniz necədir?
- Həqiqətən də xəstə idim. Beş gün hərarətim oldu. Bu üzdən heç millinin məşqlərinə qatılmadım. Buna görə də, heyətdən kənarlaşdırıldım. İndi özümü normal hiss edirəm. Tədricən hər şey qaydasına düşür.

- Türkiyənin “Boluspor” klubunun xidmətinizdə maraqlı olduğu deyilir. Sizinlə kim maraqlanıb?
- Klubun meneceri zəng vurmuşdu. Onlar məni komandalarında görmək istədiklərini dedilər. Bu söhbət 6 gün əvvəl olub. Yəqin ki, baş məşqçiləri istəyib. Hətta 1-2 dəfə SMS də yazıblar. Hələ bir söz deməmişəm. Əslində, bu xəbərin mətbuata sızmasını istəməzdim. Çünki istər-istəməz düşünəcəklər ki, yəqin özünü reklam edir. Amma belə deyil.

- Bəs qərarınız necə olacaq?
- Xarici klublardan birində oynamaq istəyirəm. Amma gəlin, indiki məqamda hadisələri qabaqlamayaq.

- Klub rəhbərliyinin bundan xəbəri var?
- Mən deməmişəm. Bəlkə mətbuatdan oxuyublar, bunu bilmirəm.

- Müqaviləniz nə vaxt başa çatacaq?
- AZAL-la hazırkı anlaşmam mayda bitəcək.

- Bəs “Boluspor” nə vaxt gəlməyinizi istəyir?
- Qışda.

- Niyə tərəddüd edirsiz?
- Dəqiq bilmirəm. Qərarımı verməmişəm. Futbola başlayan vaxtdan daim əsas heyətdə yer almışam. Hansı klubda oynamışamsa, aparıcı futbolçulardan olmuşam. Ehtiyatda qalmağı özümə əskiklik hesab etmirəm, amma qəbul da edə bilmirəm. Mövsümün əvvəlində zədəli idim. Buna görə də oynamağa tam hazır deyildim. Ancaq “Qarabağ”ı 6:2 hesabı ilə məğlub etdiyimiz oyundan başlayaraq meydana çıxmağa hazıram. Zədəm tam sağalıb, fiziki formamı bərpa etmişəm.

- Bəs niyə meydana nadir hallarda çıxırsınız?
- Səbəbini mən də bilmirəm. Bunu bilməyim özüm üçün də yaxşı olardı. “Turan”la oyunda 90 dəqiqə meydanda oldum. Baxanlar ən yaxşılardan olduğumu təsdiqləyə bilər. Yenidən ehtiyata çəkilməyim özümə də qəribə gəlir. Yenə deyirəm, çempionatın əvvəlində zədəli idim, fiziki baxımdan çatışmazlığım var idi. Lakin indi hər şey qaydasındadır.

- Baş məşqçi ilə danışmısınız?
- Məşqlərimi edirəm, işim onun verdiyi tapşırıqları yerinə yetirməkdir. Məşqdə nəyə qadir olduğumu sübut etməyə çalışıram. Artıq aldığım pul da mənə xoş gəlmir. Gərək onun qarşılığını verim. İndiyə qədər əmim, dayım olmayıb ki, mənə “daydayı”lıq eləsin. Həmişə öz gücüm hesabına oynamışam.

- Bu məsələ ilə bağlı rəhbərliyə müraciət etmisiniz?
- Heç kimə müraciət etməmişəm. Çünki tapşırıqla futbol oynamaq istəmirəm. Ancaq hazırkı vəziyyəti də qəbul edə bilmirəm. AZAL-ın əsas yığmadakı yeganə təmsilçisiyəm, amma klubda ehtiyatda saxlayırlar. Ehtiyatda oturmaq vaxtım deyil. 30 yaşım var, hələ 4-5 il də rahat oynamağa gücüm yetər. Elə deyil ki, məni oynatmadıqlarına görə, dava salım. Baş məşqçi qərar verir, biz futbolçular da icra edirik. Amma oynamaq istəyirəm.

- Yerli klublardan sizinlə maraqlananı varmı?
- Bir klub xidmətimdə maraqlıdır. İddialıdır. Amma adını deməyəcəm.

- Sabah həm də yığma qrup mərhələsi çərçivəsində beşinci oyununa çıxacaq. Şimali İrlandiya ilə dueldə nəyə ümid etmək olar?
- Düzdür, yığmamızda müəyyən problemlərin olduğu görünür. Həm zədəli, həm də cəzalı futbolçularımız var. Əksəriyyəti də aparıcı oyunçulardır. Bununla belə yaxşı oynayacağımızı düşünürəm. Səfər sindromumuz olsa da, adadan xalla dönəcəyimizə inanıram.