Berti Foqts Belfastda tanınmadı
13.11.2012 - 00:32
Berti Foqts Belfastda tanınmadı
Azərbaycan millisi 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində qarşılaşacağı Şimali İrlandiyada ilk açıq məşqinə çıxıb. Apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahibləri ilə matçın keçiriləcəyi “Windsor Park” stadionda baş tutan məşqi sona kimi izləmək imkanı qazandıq.

Düzdü, qaydalara görə məşqin ilk 15 dəqiqəsinin mətbuat və azarkeşlər üçün açıq olmağı nəzərdə tutulsa da, AFFA rəhbərliyi hazırlığı sonadək izləməyimizə şərait yaratdı. Vaxtla bağlı məsələlərə həssas yanaşan almaniyalı baş məşqçi Berti Foqts da buna razılıq vermişdi.

Şimali İrlandiya tərəfdən məşqi stadionun işçiləri və yerli futbol qurumunun nümayəndələri izləyirdi. Məşqdə irland jurnalistlərdən bir nəfəri də gördük. Amma o, yerli futbol qurumunun saytının fotoreportyoru idi və başı daha çox şəkil çəkməyə qarışmışdı. Ancaq onun da bəndənizdən soruşduğu məlumat diqqətimi çəkməyə bilməzdi.

Belə ki, həmkarım Rəşad Sadıqovun adını kağıza yazıb, meydanda onu göstərməyimizi xahiş etdi. Rəşadın zədəli olduğundan, Belfasta gətirilməyini diqqətinə çatdırdığım britaniyalı şəklini çəkdiyi mütəxəssis Berti Foqts olub-olmadığını soruşdu. Azərbaycandan gələn jurnalistlər isə onun diqqətinə kadrdakı adamın baş məşqçimiz yox, almaniyalı həkimin olduğunu çatdırdı. Yeri gəlmişkən, hava soyuq olduğundan, Foqts məşqi əvvəldən axıra kimi papaqda keçirdi, hətta bir ara boynuna şərf də bağladı.

AFFA-nın baş katibi Elxan Məmmədovun da izlədiyi məşq adəti üzrə isinmə hərəkətləri ilə başladı. Ardından Foqts futbolçuları meydanın mərkəzinə yığaraq, onlarla qısa ayaqüstü söhbətləşdi. Onu qeyd edim ki, yığmamız məşqə tam heyətlə çıxdı. Belə ki, Almaniyada oynayan müdafiəçi Əli Gökdəmir də artıq millinin sıralarına gəlib.

Məşq prosesinə futbolçular həndbol oynamaqla başladılar. Bu, oyunçuları xeyli qızışdırandan sonra iki ötürməli çalışmalar oldu. Belə ki, futbolçular topu qəbul edəndən sonra onu başla ötürməli idilər. Bu da rəqibin hava ötürmələrinə üstünlük verməyi ilə əlaqədar olan hazırlıq idi.

Millimizin qapıçılarla işləyən almaniyalı məşqçisi Uli Ştayn gənc Anar Nəzirov, Səlahət Ağayev və Andrey Popoviçlə bir müddət kənarda birgə çalışdı. İkitərəfli oyun zamanı onlardan ikisi qapılarda dayandılar.

19 futbolçu şərti “göylər” və “sarılar” olmaqla 2 komandaya bölündülər. Bunların hərəsində 9 sahə oyunçusu vardı, 1-i isə qırmızı geyimdə hücum edənlər üçün oynayırdı. Həmin funksiyanı Vaqif Cavadov, Rasim Ramaldanov və Əli Gökdəmir yerinə yetirdi.

“Sarılar”da Vladimir Levin, Ruslan Abışov, Elhad Nəziri, Maksim Medvedev, Hacı Əhmədov, Elvin Məmmədov, Uğur Pamuk, Rauf Əliyev, “göylər”də isə Bədavi Hüseynov, Aleksandr Çertoqanov, Rahid Əmirquliyev, Cavid Hüseynov, Rəşad Sadiqov, Branimir Subaşiç, Cihan Özkara oldu.

Vaqif, Rasim, Əlidən biri qırmızı geyimdə olanda isə digərləri göylərin sırasında idi, onların qapısını Nəzirovla Popoviç növbəliliklə qorudusa, Ağayev sona kimi “sarılar”ın sırasında oldu.

Məşqin sonunda adəti üzrə qapıya zərbələr oldu. Saat yarımlıq məşq meydanı 2 dövrə qaçışla başa çatdı.

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu sabah Bakı vaxtiı ilə saat 23:45-də başlayacaq.