“Nə vaxt düzələrlər, onda da qayıdarlar” – MÜSAHİBƏ
13.11.2012 - 14:25
“Nə vaxt düzələrlər, onda da qayıdarlar” – MÜSAHİBƏ
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Dünən yoxlama oyununda “İnter”ə böyük hesabla uduzdunuz. Maraqlıdır ki, ötən mövsüm də AZAL “İnter”in qapısından 5 top keçirmişdi. Sanki “bankirlər” həmin məğlubiyyətin qisasını aldı...
- Nəzərə alın ki, o vaxt AZAL “İnter”i rəsmi matçda məğlub etmişdi. İndi isə adi bir yoxlama matçında bu nəticə qeydə alındı. Üstəlik, hər hissədə fərqli heyətə güvəndim. 23 futbolçunun hamısını meydanda yoxlamaq imkanı əldə etdim. Düzdür, qapımızdan 5 top buraxmağımız üzücüdür. Ancaq düşünürəm ki, bu qarşılaşma ilə səhvlərimizi görmək imkanı əldə etdik.

- Hansı səhvləri üzə çıxardız?
- Müdafiə xətti zəif təsir bağışladı. Fikrimcə, arxa xətdə kobud səhvlərə yol verməsəydik, belə nəticə qeydə alınmayacaqdı. Oyun başa çatdıqdan dərhal sonra matçın gedişatını təhlil etdik.

- Həmin görüşdən sonra 5 futbolçunu - Səbuhi Həsənov, Yasin Abbasov, Etibar Şahmərdanov, Rəhman Musayev və Orxan Səfiyaroğlunu zəif oynadıqlarına görə əvəzedici komandaya göndərdiz...
- Elədir. Düşündük ki, onlar noyabrın 18-də “Rəvan”la oyunda AZAL-ın əvəzedici komandasına kömək etməlidir.

- Bəs onlar nə vaxt əsas komandaya qaytarılacaq?
- Özlərini nə vaxt düzəldərlər, onda da əsas komandaya qayıdarlar. Onlar istedadlı futbolçulardır. Ancaq öz üzərlərində işləmələri lazımdır.

- Sabah millimiz Şimali İrlandiya ilə qarşılaşacaq. O vaxt bu yığmaya qarşı keçirdiyimiz oyunlardan birinə komandanı siz çıxarmışdız. Həmin qarşılaşmadan yadınızda nə qalıb?
- Həmin görüş yadımdadır. Səfərdə çıxış etməyimizə baxmayaraq, rəqiblə hər iki hissədə başabaş oynamışdıq. Sadəcə, zəif nöqtəmiz olan standard vəziyyətlərdən iki top qapımızda görmüşdük. İrlandlar əvvəlcə 60-cı dəqiqədə cərimə zərbəsindən bizə qol vurmuşdular. 85-ci dəqiqədə isə hakimin təyin etdiyi penalti qola çevrilmişdi.

- Şimali İrlandiyanın indiki, yoxsa o vaxt sizinlə qarşılaşan komandasını təhlükəli hesab edirsiz?
- Açığı, onların indiki vəziyyəti ilə tanış deyiləm. Nə də ki oyunlarını görmüşəm. Ancaq hesab edirəm ki, o vaxt da Şimali İrlandiya zəif komanda deyildi. Yığmanın əsasını İngiltərə çempionatlarında oynayanlar təşkil edirdi. Demək olar ki, Şimali İrlandiya birinciliyində çıxış edən futbolçu heyətdə yer almamışdı.

- Rəqibin gücünü nədə görürsüz? Artıq bir təcrübəli mütəxəssis kimi komandamız nələr etməlidi ki, xal qazana bilək?
- Düşünürəm ki, rəqibin əsas silahı cinahlardan keçidlər və qapı önünə asmalardır. Əgər komandamız cinahları bağlaya bilsə, o zaman rəqibdən xal da ala bilərik.

- Amma birdən-birə 3 təcrübəli futbolçumuzun yığmaya kömək edə bilməməsi də bizim əleyhimizə olacaq...
- Sözsüz, Kamranın, Mahirin və Rəşadın yoxluğu oyunumuza təsir göstərəcək. Ancaq komanda yumruq şəklində birləşsə, bu təsir qüvvəsini azaltmaq olar. Bütün futbolçular güclərini bir araya qoysa, o zaman onların yoxluğu da hiss olunmaz, üstəlik xal da qazana bilərik.