Rəşad Sadıqov: Bu gün qələbə qazanacağımıza inanıram
14.11.2012 - 16:01
Rəşad Sadıqov: Bu gün qələbə qazanacağımıza inanıram
“Yığmanın Şimali İrlandiya ilə keçirəcəyi oyunu səbirsizliklə gözləyirəm. Özüm də oynamaq istəyirəm, ürəyim partlayır”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov deyib.

Dizindəki zədəni cərrahiyyə əməliyyatı ilə aradan qaldıran müdafiəçi artıq bərpa prosesi keçir. Bir aydan artıqdır yaşıl meydanlardan kənarda qalan Sadıqov yığmamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya ilə ötən ay keçirdiyi matçın ardınca bu gün Belfastda baş tutacaq qarşılaşmanı da Bakıdan izləyəcək. Ancaq kapitan sərfəli nəticəyə ümidlidir: “Əslində bu gün meydanda olmaq istərdim. Təəssüf ki, yığmanın ötən aykı toplanışında zədələndim. Oyuna gəldikdə, səfər oyunlarımız çətin keçir. Lakin inanıram ki, qələbə qazanacağıq”.

Rəqibin əsasən standart vəziyyətlər zamanı təhlükəli olduğunu qeyd edən təcrübəli müdafiəçi komanda yoldaşlarına məsləhətini də verib: “Şimali İrlandiyanın Portuqaliya, eləcə də Lüksemburqla oyunlarını izləmişəm. Düzdür, birincilərə qarşı yaxşı çıxış etdilər. Lakin əvvəlki matçlarını heç də uğurlu keçirməmişdilər. Daha çox standart vəziyyətlər zamanı ehtiyatlı olmalıyıq. Soyuqqanlı komandadır. Biz də topu özümüzdə çox saxlamalı, soyuqanlı hərəkət etməliyik”.