“Azərbaycanla matçda nəticədən deyil, oyundan razıyam” - MÜSAHİBƏ
14.11.2012 - 18:56
“Azərbaycanla matçda nəticədən deyil, oyundan razıyam” - MÜSAHİBƏ
Moldova yığmasının (U-21) baş məşqçisi Aleksandr Kurtian bu gün Azərbaycanla keçirdikləri oyundan sonra yerli mətbuata müsahibə verib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı 1:1 hesabı ilə bitən görüşü şərh etməklə yanaşı, erməni əsilli Artyom Xaçaturovun millimizə qarşı oynamasından da danışıb.

- Görüş barədə fikirləriniz maraqlıdır...
- Biz emosiyalarla dolu yaxşı oyun keçirdik. Komanda özünü kifayət qədər təşkilatlanmış şəkildə göstərdi. Ancaq biz qol vurmaqda çətinlik çəkdik. Bu komponentlər üzərində işləməli və bu problemi aradan qaldırmağa çalışmalıyıq. Futbolçularımdan tamamilə razı qaldım. Çünki onlar yaxşı oyun nümayiş etdirdilər.

- Oyunda qeydə alınan bərabərlikdən razısız?
- Heç vaxt bərabərliyə görə nəticədən razı qalmamışam. Mən oyundan razıyam. Macarıstanla qarşılaşmada da olmuşdu.

- Komandanızın bir neçə real qol vəziyyətləri oldu. Niyə görə çox top vura bilmədiz?
- Bizim də, rəqibin də qol vurmaq şansları oldu. Bu, futboldur. Biz sürətli oyunumuz hesabına təhlükəli vəziyyətlər yaratdıq. Bəli, bu gün biz çox qol vura bilmədik. Bizdə oyunun keyfiyyətində, eləcə də şanslardan yararlanmaqda problem mövcuddur. Yalnız millidə və klubda məşq etməklə bütün bunları aradan qaldırmaq olmaz. Oyunçular fərdi qaydada yetişməlidir. Komandada yaxşı futbolçular var. Bu gün onlar göstərdi ki, o qədər də pis oynamırlar.

- Niyə görə Artyom Xaçaturov matça çağırılmadı?
- Xaçaturov əvvəl də gənclər yığmasında oynayıb. Yaxşı tanıdığımızdan, ona bu dəfə dəvət göndərməmək qərarına gəldik. Bizə daha az tanış olan futbolçuların səviyyəsini görmək istədik. Məsələn, Rumıniyada çıxış edən Qorçak və Fokşanın nəyə qadir olduğuna baxmaq istəyirdik. Bu baxımdan İqorla Dimaya da dəvət göndərməmişəm. Çünki bu futbolçuların səviyyəsi mənə bələd idi. Gələcəkdə, əlbəttə ki, bu oyunçuları yenidən çağıracam.

- Xaçaturov Ermənistan yığmasına yenə çağırıla bilər? Bu haqda fikriniz necədir?
- Bu sualı Ermənistanın baş məşqçisinə vermək lazımdır. Xaçaturov özü qərara almalıdır ki, hansı yığmada çıxış etsin. Biz demokratik dünyada yaşayırıq və hər bir insan öz taleyinə özü qərar verməlidir.