Georgi Çixradze: Milli üçün namizədlərim var - MÜSAHİBƏ
15.11.2012 - 14:25
Georgi Çixradze: Milli üçün namizədlərim var - MÜSAHİBƏ
Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Georgi Çixradzenin apasport.az saytına müsahibəsi

- Azərbaycan millisinin DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində Şimali İrlandiya ilə keçirdiyi oyunun nəticəsini nə dərəcədə qənaətbəxş sayırsınız?
- 1:1 hesabı haqda nə deyə bilərəm? Əlbəttə, nəticə yaxşıdır. Səfərdə 1 xal qazanılıb. Düzdür, sonda bərabərlik qolunun buraxılması üzücüdür. Çünki komanda 3 xal da qazana bilərdi.

- Bəs oyun barədə nə düşünürsünüz?
- Çox ağır keçdi. Azərbaycan yığması erkən qol vurdu. Bundan sonra isə çətin idi. Meydan sahibləri çox hücum edir, təzyiqi artırdı. İkinci hissədə bu təzyiq daha çox idi. Elə hava şəraiti də hücumda olan meydan sahibləri üçün münasib idi. Cinahdan qapı önünə asmalar belə yağışlı havada müdafiə olunan tərəf üçün daha təhlükəli olur. Lakin Azərbaycan millisi belə ağır vəziyyətdə normal oynaya bildi. Hətta bir neçə dəfə qol vurmağa da yaxın idi.

- Komandanızın kapitanı Rasim Ramaldanovun millidəki ilk oyunundan razı qaldınızmı?
- Rasimi millidəki debütü münasibətilə təbrik edirəm. Fikrimcə, debütü yaxşı alındı. Nəzərə almalıyıq ki, öz doğma mövqeyində oynamırdı. Yığmada debüt edən futbolçu üçün başqa mövqedə oynamaq asan olmur. Lakin Ramaldanov bu işin öhdəsindən gəldi.

- “Simurq”da başqa elə futbolçu varmı ki, yığmaya kömək edə bilsin?
- Millinin baş məşqçisi məndən soruşsa, deyərəm. Hər halda, namizədlər var. Lakin onların adlarını mətbuata açıqlayıb yığma ətrafında söz-söhbət yaratmaq istəmirəm. Baş məşqçinin özünə deyərəm.

- Qarşıda Topaz Premyer Liqasının “Qarabağ”la oyunu var. Bu matç haqda nə düşünürsünüz?
- “Qarabağ” pis komanda deyil. Bu matçda hər 2 komandaya çətin olacaq. İndi bu oyuna hazırlaşırıq ki, belə çətin vəziyyətdən çıxa bilək. Hər halda, 4 cəzalı oyunçumuzun olması bizi çətin vəziyyətə salıb.

- Matçın millinin oyunu ilə bağlı yaranmış fasilədə sonra keçirilməsi hansı tərəfə üstünlük verir?
- Hazırkı vəziyyətdə heç kimə üstünlük vermir. Düzdür, “Qarabağ”ın bəzi oyunçuları yığmalarda olduğundan komanda ilə hazırlıq keçməyib. Lakin bizdə də cəzalılar var. 3 futbolçu qırmızı vərəqə, 1-i sarı vərəqələr üzündən cəzalı duruma düşüb.