Yunan məşqçi ailəsinə görə “Bakı”dan ayrıldı
15.11.2012 - 15:07
Yunan məşqçi ailəsinə görə “Bakı”dan ayrıldı
“Bakı”nın məşqçilərindən olan Parusis Konstantinos klubdan ayrılıb. Bu haqda xəbəri apasport.az saytına açıqlamasında klubun icraçı direktoru Yaşar Seyidov bildirib.

Son günlər “Bakı”da istefaların bir-birini əvəzləməsi dəb halını alıb. Klubun ofisində təşkil olunan iclasdan sonra əvvəlcə 3 futbolçu – kapitan Cəmşid Məhərrəmov, Vangelis Mantsios və Leandro Beserra qyeri-müəyyən müddətə əvəzedici komandaya göndərildi. Daha sonra “Bakı”nın meneceri Kamran İsmayılov klubdan ayrıldı. Gözləmək olar ki, Bojidar Bandoviçin köməkçilərindən olan yunan məşqçinin də gedişi bu iclasda çıxarılan qərarların nəticəsində reallaşıb.

Ancaq Yaşar Seyidov Konstantinosun gedişinin şəxsi səbəblərlə bağlı olduğunu nəzərimizə çatdırdı: “Parusis ailəsi ilə əlaqədar olaraq komandadan ayrılıb. Özü getməyini istədi, biz də onun gedişinə mane olmadıq. O, artıq dünən ölkəmizi tərk edib. Ancaq digər yunan məşqçimiz Panayotis Balamatsias heç hara getməyib. O, Bandoviçlə bir yerdədi. Balamastiasın getməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir”.