Vaqif Cavadov: Vətənə alnıaçıq dönürük – MÜSAHİBƏ
15.11.2012 - 15:56
Vaqif Cavadov: Vətənə alnıaçıq dönürük – MÜSAHİBƏ
Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov Şimali İrlandiya ilə görüşdən sonra apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşının suallarını cavablandırıb

- Yığmamızın Şimali İrlandiyaya ilə oyununa necə qiymət verərdiniz?
- Futbolçular çox yaxşı oynadılar. Konkret vuruşdular. Əlbəttə, rəqibin də qol imkanları var idi. Deyərdim ki, 2 xal itirdik. Çünki qələbəni son dəqiqələrdə buraxdığımız qolla əldən verdik və bu, bizə təsir elədi. Buna baxmayaraq, güclü rəqibdən səfərdə 1 xal götürdük. İnşallah, gələn il daha yaxşı hazırlaşıb, bundan da yaxşı oyun göstərməyə çalışacağıq.

- Son saniyələrdə buraxılan qola görə ruhdan düşmürsünüz?
- Hardasa adama təsir edir. Udsaydıq, indi 4 xalımız vardı. Bəlkə də Bakıda heç kim bizdən bu nəticəni gözləmirdi. Çalışdıq, vuruşduq, xal qazandıq. Futbolçularımızın hamısı bunun üçün əlindən gələni elədi. Ancaq son saniyələrdə elə bir qol buraxdıq ki...

- Belfastdan təəssüf hissi ilə ayrılırsınız, yoxsa?
- Əlbəttə, 3 xal qazanmaq istəyərdik. Çünki Belfasta 3 xal üçün gəlmişdik. Belə baxanda, rəqib meydanında 1 xal da pis deyil. Əsas odur ki, Vətənə uduzmayaraq, alnıaçıq qayıdırıq.

- Start heyətində yer alacağınız gözlənilirdi. Ancaq meydana matçın sonuna yaxın çıxdınız...
- Bu, zədə ilə bağlı idi. Bakıdakı təlim-məşq toplanışında zədə almışdım.

- Buraxılan qolda kimisə günahlandırmaq olar?
- Olmaz. Çünki hamının səhvi olur. Qapıçımızın çıxartdığı toplar var idi.

- Bəxtimizin gətirdiyini etiraf edirsiniz?
- Bizim də 2-3 yüz faizli imkanımız oldu, qol vura bilərdik. Əsas səfərdən 1 xalla qayıtmaqdır. İnşallah, irlandlarla hələ Bakıda da qarşılaşacağıq və qələbəyə oynamaq olar.

- Hakim idarəçiliyi nəticəyə təsir etdimi?
- Avropa hakimləri elədir ki, onların qərarlarına heç kim heç nə deyə bilməz. Bu, onların işidir, bizim də işimiz futbol oynamaqdır. Siz hakimlər haqda nəsə deyə bilərsiniz, ancaq biz yox.

- Futbolçularımız vaxt udmaq üçün yerə yıxılırdı ki, bu da süni alınırdı. Hakim də görürdü ki, bunu bilərəkdən edirik və çox vaxt artırdı...
- Birincisi, hakimin artırdığı 6 dəqiqə çox idi. İkincisi də mənə elə gəlir ki, heç kim bilərəkdən uzanmırdı. Rasim Ramaldanovu meydanda neçə dəfə vurdular. Fakt odur ki, ona qarşı qayda pozuntusu vardı, ancaq hakim cərimə zərbəsi vermirdi.

- 4 oyundan 2 xalımız var. Bu, normaldı?
- Nəzərə alaq ki, 3 oyunu səfərdə keçirmişik. Məncə, rəqiblərə baxanda pis nəticə deyil. Ancaq irəli baxmaq lazımdır və evdəki oyunlarımız var.

Mehman SÜLEYMANOV