Rauf Əliyev: Son vaxtlar mənə çox təzyiq edilirdi - MÜSAHİBƏ
16.11.2012 - 00:05
Rauf Əliyev: Son vaxtlar mənə çox təzyiq edilirdi - MÜSAHİBƏ
2014-cü il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya ilə oyunda hesabı açan Azərbaycan yığmasının futbolçusu Rauf Əliyevin apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşına müsahibəsi

- Xeyli vaxtdır kölgədə qalan Rauf Əliyev yenidən vurduğu qolla öz sözünü dedi. Bu fikirlə razısınız?
- Qol vurmağıma görə sevinirəm. Ancaq istərdim ki, Belfastdan 3 xalla qayıdaq. Qolu son dəqiqələrdə buraxmağımız adama lap pis təsir elədi. Ancaq belə baxanda, rəqibin qol epizodları daha çox olduğu üçün buna da Şükür etmək lazımdır.

- Vurduğunuz qol gözəl alındı. Zərbəniz təsadüfi alındı, yoxsa?
- Düzünü desəm, qapıya zərbə vuranda özümə inanırdım. Şükür Allaha ki, top qapıdan keçdi.

- Son vaxtlar yığmada oyunundan razı qalmırdınız. Bəs bu dəfə?
- Açığı, son vaxtlar qol vurmadığıma görə mənə çox təzyiqlər vardı. Bunları nəzərə alıb, istəyirdim ki, ən azı fərqlənim və söz-söhbətlərə, hər şeyə son qoyum.

- Ucaboy britaniyalılara qarşı “ikinci mərtəbə”də oynamaq sizdə hansı təəssürat oyatdı?
- Həqiqətən deyim ki, britaniyalıların, bu ölkələrin futbolçularına qarşı havada oynamaq çox çətindir. Həm boylarının hündür olmağına görə, həm də onların oyun üslubu belədir.

- Sarı vərəqə aldığınız epizodun təkrarına baxanda, sizə qarşı kobud oyunun olduğu görünür. Ancaq hakim simulyasiya etdiyinizi düşündü...
- Həmin epizodda zərbə olmuşdu. Ancaq hakim belə bir qərar verdi. Qapımıza vurulan qolda da belə oldu. O, cərimə zərbəsini verməyə də bilərdi, çünki yüngül bir toxunuş vardı. Rəqib yerə yıxıldı və hakim də bundan istifadə elədi.

- Oyunun həlledici anı Cihan Özkaranın təkbətək vəziyyətdən istifadə etməməyi oldu. Sizcə, o, bu epizodda qol vurmaq üçün nə etməli idi?
- Məncə, bir az inamlı oynasaydı, qol vuracaqdı.

- Siz olsaydınız, qol vurardınız?
- Onu bilmək olmaz. Oldu keçdi, hərədə bir qol epizodu olur da. Mənim də 2-ci epizodum vardı, fərqlənə bilərdim.

Mehman SÜLEYMANOV