Mahir Şükürov: Belfastda hamının yeri görünürdü – MÜSAHİBƏ
16.11.2012 - 00:12
Mahir Şükürov: Belfastda hamının yeri görünürdü – MÜSAHİBƏ
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun apasport.az saytına müsahibəsi

- Zədə ucbatından millinin Şimali İrlandiya ilə oyununu buraxdınız. Yığmamız kənardan necə görünürdü?
- Açığı, buna inanmazdım. Şimali İrlandiyanı güclü rəqib hesab edirdim. Amma oyun göstərdi ki, qələbə qazanmaq olardı. Təəssüf ki, şansımızı qaçırdıq və oyun heç-heçə başa çatdı. Düzdür, rəqibin real qol şansları daha çox oldu. Ola bilsin, uşaqlar çəkindilər, hesabı qorumağa çalışdılar. Komanda şəklində oynaya bilmədik.

- Ötürmələrdə çoxlu səhvlərə yol verirdik. Bu nədən qaynaqlanırdı?
- Bəli, topu özümüzdə saxlaya bilmirdik. Rəqib bizə açıq futbol təklif etmişdi. Biz də gərək elə oynayaydıq. Onsuz da itiriləsi heç nəyimiz yox idi. Cihan Özkara qapıçı ilə üzbəüz qaldığı epizodda qol vursaydı, bəlkə də, qələbə qazanardıq. Ola bilsin, erkən qol vurduqdan sonra hesabı qorumağa çalışdıq.

- Oyundan əvvəl heyətdə həm zədəli, həm də cəzalı futbolçular var idi. Necə düşünürsüz, onlardan kimlərin yeri görünürdü?
- Oynamayan uşaqların hamısının yeri görünürdü.

- Buraxılan qoldan sonra əksəriyyət Kamranı axtardı...
- Oyun zamanı Səlahətin qurtardığı yüz faizlik qol epizodu yox idi. Sadəcə, rəqib futbolçular topu əyri vururdular. Buraxılan qola gəldikdə, fikrimcə, Ağayev pis durmadı. Sadəcə, zərbə anında rəqib futbolçu canlı səddi çəkdi, buna görə də belə vəziyyət yarandı.

- Bayaq bu cür oyun olacağına inanmadığınızı dediniz. Yəni rəqib zəif çıxış etdi?
- Şimali İrlandiyanın oyunlarına baxmışdım. Portuqaliya kimi komanda ilə heç-heçə etmələri elə-belə nəticə deyil. Sadəcə, oyun göstərdi ki, udulası rəqibdir. Bugünkü gündə onları da udmayıb, kimi udacağıq?

- Bu, 2012-ci ildə yığma səviyyəsində keçirilən sonuncu oyun oldu. İli necə dəyərləndirərdiniz?
- Uğurlu deməzdim. Çünki elə oyunlar oldu ki, mütləq udmalı idik. Məsələn, İsraillə matçı deyirəm. Rusiyadakı oyunda isə penalti verilməsəydi, bir xal qazanacaqdıq. Şimali İrlandiya ilə oyunda isə 3 xalı qazanmağa çox yaxın olduq. Fikrimcə, ili 6 xalla qapaya bilərdik.

- Zədə üzündən Belfasta aparılmadınız. Vəziyyət indi necədir?
- “Rubin”lə oyundan sonra müalicə kursu keçirəm. Hələ məşq etməmişəm. Həkimlər iki həftə gözləməyimi deyib. Amma bir həftə tamam olandan sonra istəyirəm məşqlərə başlayım.

- Bu sonradan ağır fəsadlar yaratmayacaq?
- Həkimlərlə məsləhətləşəcəm. Çünki komandanın qarşıda ağır oyunları var və kömək eləmək istəyirəm. İcazə versələr, meydana çıxacam.

- “Neftçi” növbəti tur I dövrədə yenildiyi “Sumqayıt”la qarşılaşacaq. Revanş almağa hazırsınızmı?
- Bizdə hansısa komanda ilə prinsip aparmaq yoxdur. Qələbə qazanıb, xal ehtiyatımızı artırmalıyıq. Hər uduzduğumuz komandadan revanş almaq haqda düşünsək, mənfi nəticə ilə qarşılaşarıq. Məsuliyyətli olmalı, qələbə qazanmalıyıq.

- İlk dəfə yeni istifadəyə verilmiş 8-ci km stadionunda oynayacaqsınız. Yeni arena haqda nə deyə bilərsiniz?
- Həmin stadionda olmamışam. Komanda oyundan bir gün əvvəl orada məşq edəcək. Şəkillərini görmüşəm. Yaxşı stadiondur.