“Bakı”nın 3 oyunçusu cəzalandırıldı, “İnter”ə xəbərdarlıq olundu
16.11.2012 - 14:06
“Bakı”nın 3 oyunçusu cəzalandırıldı, “İnter”ə xəbərdarlıq olundu
İntizam Komitəsi (İK) 13 noyabr 2012-ci il tarixli iclasında “Azercell U-17 Liqa”nın noyabrın 12-də keçirilmiş “İnter” – “Bakı” matçı haqqında verdiyi qərara əlavələr edib. Apasport.az saytının xəbərinə görə, İK matçın hakiminin və hakim-inspektorunun raportları əsasında bu məsələyə yenidən baxaraq aşağıdakı qərarları qəbul edib:

1. Oyun başa çatdıqdan sonra “Bakı”nın futbolçuları Valeh Seyidov, Azamat Qarayev və Vüqar Namazəliyev aqressiv hərəkətə görə (rəqibə zərbə) hər biri 4 oyunluq cəzalanır.

2. Oyundan sonra meydançaya azarkeş daxil olduğu üçün meydan sahibi “İnter” klubuna təhlükəsizliyi yüksək şəkildə təmin etməsi haqqında xəbərdarlıq edilir.

3. Oxşar halların “Bakı” klubunun iştirakı ilə dəfələrlə baş verdiyini, klubdaxili intizamın aşağı səviyyədə olduğunu nəzərə alaraq analoji hadisənin baş verəcəyi təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.

Qeyd edək ki, çərşənbə axşamı çıxarılan qərara əsasən matçın 80+1-ci dəqiqəsində “Bakı”nın üzvü Azamat Qarayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılmışdı. İndi isə Qarayevə daha 4 oyun da cəza verildiyini nəzərə alsaq, bu say 6-ya çatmış oldu.