Tuyqun Nadirov: Klubda transfer sistemi nizamlı olacaq
16.11.2012 - 15:46
Tuyqun Nadirov: Klubda transfer sistemi nizamlı olacaq
“Yeni baş məşqçinin gəlişi ilə klubumuzda transfer sistemi qurulmalıdır, skaut qrupu olmalıdır. “Xəzər Lənkəran”da indiyə kimi yeni futbolçuların axtarışını məşqçilər müəyyənləşdirib. Klubda transfer sistemi artıq nizamlı olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Karles Bakesin təqdimat mərasimində fikirlərini açıqlayan Nadirovun fikrincə, Bakesin hazırda dünyada ən güclü futbol ölkələrindən sayılan İspaniyanı təmsil etməyi, güclü klublardan olan “Barselona”da direktor olmağı seçimlərinə təsir edib: “Xəzər Lənkəran”ın əvvəlki məşqçilərinin işinə hörmət edirik. Ancaq heyətimiz tez-tez dəyişilirdi. Daha belə olmayacaq. “Xəzər Lənkəran” yarandığı vaxtdan bəlli büdcəsi olmayıb. Çünki Mübariz Mənsimov kimi sahibi var. Lazımı transferlər üçün pul ayrılmaq məhdudiyyəti olmayıb. Karles tək məşqçi deyil, o, məşqçilərə məşqçilik dərsi keçən adamdır. Türkiyədə böyük Superliqa klublarına dərs keçib. Professordur, futbolun elmi tərəfini yaxşı bilir. Nəticə verməklə yanaşı, sistem qurmaq məsuliyyətini öz üzərinə götürdü. Təbii ki, əsas komandanın nəticə verməyi də vacibdir və bu vəzifəni öz üzərinə götürüb”.

Vitse-prezident bildirib ki, yeni futbolçularla bağlı məsələ təkcə “transfer pəncərəsi” açılanda olmamalı, artıq indidən gələn yayın işləri görülməlidir: “Artıq namizədlər var. Lazım olsa, özü, yoxsa nümayəndələrini göndərəcək. Əslində, “Xəzər Lənkəran”da bu sistem olub. Xatırlayırsınızsa, əvvəl nümayəndələrimizi Braziliyaya göndərmişdik. Nəticədə Mario Souza, Dieqo Souza, Juninyo Osvaldo kimi futbolçular çıxdı. Ancaq sonradan bu sistem nədənsə pozuldu. Biz onu bərpa edirik. Yeni baş məşqçimiz qeyri-rəsmi olaraq idman direktoru funksiyasını yerinə yetirəcək”.

Nadirov ispaniyalı çalışdırıcının klubun öz yetirmələrinə xüsusi diqqət yetirəcəyini söyləyib: “Uşaq futbolu ilə bağlı ən böyük uğurlar “Barselona” ilə bağlıdır. Baş məşqçimizin qabağında limit qoyulmayıb ki, neçə məşqçi, kimlə işləsin. Başqaları ilə işləsə, buyursun. Bildiyiniz kimi, Beto ilə müqaviləyə xitam verdik. Əlbəttə, onun əvəzinə futbolçu cəlb olunmalıdır. Branimir Subaşiçin müqaviləsi dekabrda bitir. Ona görə Subaşiçin adını çəkdim ki, o, bizdə ilin sonunda müqaviləsi bitən yeganə futbolçudur. Branimir özü, məşqçi istəsə, qalacaq. Bu, o demək deyil ki, transfer 2 olacaq. Bu, 5-6 ola bilər. Əsas məqsədimiz təkcə legionerlər yox, onların yanında öz yetirmələrimizin olmağıdır. Yəni legioner ehtiyat skamyada oturmamalıdır. Orada öz futbolçularımız yer almalıdır”.


Mehman SÜLEYMANOV