“Deyərdilər mənə 100-200 yox, 1000-2000 manat ver” - MÜSAHİBƏ
17.11.2012 - 00:03
“Deyərdilər mənə 100-200 yox, 1000-2000 manat ver” - MÜSAHİBƏ
“Turan” klubunun baş məşqçi Əfqan Talıbovun apasport.az saytına müsahibəsi

- Yığmanın oyunu ilə əlaqədar çempionatda yaranmış fasiləni necə dəyərləndirdiniz?
- “Simurq”la oyundan sonra futbolçulara 2-3 günlük istirahət verdik. Noyabrın 9-dan isə məşqlərimizi bərpa etdik. Bilirik ki, çempionat qarşılaşmaları bütün komandalar üçün çox çətindir. Hər oyunda ciddi yanaşmaq lazımdır. Heyətlə bağlı əldə etdiyimiz müəyyən nailiyyətlər var. Onlardan biri də əsas heyətin formalaşması, komplektləşməsidir. Buna çoxdan ehtiyac var idi. Həm də futbolçular arasında münasibət dəyişib. Rəqabət yaranıb. 25-26 nəfər oyunçumuz var. Buna görə də hansısa mövqe ilə bağlı narahatçılığımız yoxdur. Alına biləcək vərəqələrə, eləcə də zədə üzündən oyunu buraxılmağına görə, ehtiyat tədbirləri görmüşük. İstənilən çətinliyi yerindəcə həll etməyə hazırıq.

- Yoldaşlıq görüşü keçirməməyiniz oyun praktikası baxımından mənfi təsir edə bilərmi?
- Taktiki planda məşqlər etdiyimiz zaman bir yoxlama oyunu keçirməyi də planlaşdırdıq. Noyabrın 14-də ikitərəfli matç təşkil etdik. İki heyətə bölündük. Nəticə bizi qane etdi. Uşaqlar yoldaşlıq oyunu olmasına baxmayaraq, ciddi yanaşdılar. Tapşırıqları yerinə yetirdilər. Onlar da dərk edirlər ki, “İnter” çətin rəqibdir.

- “İnter” zirvədədir və cəmi 5 xal geridə qalırsınız. Onlarla oyunda qələbə qazansanız, fərq 2 xala enə bilər. “Turan” bu fürsətdən yararlana biləcəkmi?
- “İnter” həddən artıq güclü rəqibdir. Bu komanda həm də taktiki-texniki baxımdan fərqlənir. Düşünülmüş oyun nümayiş etdirirlər. Çalışacağıq ki, komanda şəklində onları düzgün analiz edək. Ola bilər, fərdi ustalıq kimdəsə aşağı və ya əksinə olsun. Amma çalışacağıq ki, komanda şəklində rəqibə müqavimət göstərək.

- Yəqin ki, I dövrədəki oyun yadınızdadır. Həmin vaxt baş məşqçi siz olmasanız da, futbolçular dəyişməyib. Necə düşünürsünüz, onlar son dəqiqələrdə qələbəni əldən verdikləri oyundan dərs çıxarıblarmı?
- Həmin oyunda meydana çıxan heyətin əksəriyyəti dəyişib. Oyunun videoyazısına baxmışam. Komanda 85-ci dəqiqəyə qədər normal futbol oynayıb və 2:1 hesabı ilə irəlidə olub. Oyunun son dəqiqələrində futbolçuların laqeyd yanaşması məğlubiyyətlə nəticələndi. Bir anlıq boşaldılar. Futbolçulara başa salmışam ki, “İnter” hər an qapı qarşısında təhlükə yarada biləcək gücdədir. Həm fiziki, həm də komanda şəklində çıxışına görə, onlar Azərbaycanda ən güclülərdəndir. Futbolçulara deyirik ki, topu oyun zamanı hara gəldi vurmaq olmaz. Bu rəqibin daha çox təhlükə yaratmasına kömək edəcək. Tovuzdakı oyunda boşalmalar məğlubiyyətə səbəb oldu.

- Rəqib cari mövsümdə keçirdiyi 11 oyunda cəmi 5 top buraxıb ki, bunlardan ikisini “Turan” vurub. Onların güclü müdafiəsini yarmaq olacaqmı?
- Çox güclü müdafiəsi var. Amma keçilməz müdafiə xətti yoxdur. Rəqibi məcbur etməlisən ki, səhvə yol versin. Çalışacağıq ki, hücumameyilli futbol nümayiş etdirək. Çünki qapımız qarşısında toplaşmaq təhlükəli ola bilər. “İnter” ilk dəqiqələrdən təzyiqi artıracaq. Biz də hansısa oyun üslubundan istifadə edəcəyik.

- Sizin rəhbərliyiniz altında “Turan” 4 oyun keçirib. Komanda bu qarşılaşmalardan ikisində qələbə qazanıb, bir o qədər də heç-heçə edib. Doğma meydanda keçirdiyiniz son iki oyunda qələbə gözlənilsə də, heç-heçə etdiniz…
- İnsanlar başa düşməlidirlər ki, komanda şəklində normal, düzgün, ədalətli heyət formalaşdırıb mübarizə aparılmalıdır. Belə olan təqdirdə, onun zəhmətini Tanrı da qiymətləndirəcək. Təsadüflər bir dəfə olur. Qazandığımız nəticəyə təsadüfi desək, uşaqların zəhmətini yerə vurmuş oluruq. Uşaqlar toparlandılar, əziyyət çəkdilər. Onların zəhmətləri danılmazdır. Bir-birilərini sığortalamağı bacarırlar. Qarşıdakı iki oyundan çox şey asılıdır. “İnter” və “Qarabağ”la görüşləri nəzərdə tuturam. Həmin matçlar ilk “altılığ”a düşmək baxımından müqəddəratımızı həll edəcək. Hər dəqiqə ayıq-sayıq olmalıyıq.

- Yeri gəlmişkən, qələbə qazandığınız oyunlardan sonra klub rəhbərliyi futbolçuları mükafatlandırdı. Amma məbləğin azlığı mətbuatda müəyyən gülüş hədəfinə çevrildi. Bu cür münasibət futbolçulara psixoloji baxımdan necə təsir etdi?
- Komandaya təyin edildikdən sonra bütün məlumatları aldım. Futbolçularla söhbətimdə qeyd etdim ki, bu gün “Turan”a xidmət etməklə yanaşı, gələcək karyeranızı da qurursunuz. Bəzi klublar var ki, onlar mükafat fondunu əvvəlcədən açıqlayırlar. Lakin “Turan”ın büdcəsi, imkanları futbolçulara aydındır. Hər bir oyunçuya onu da aşılayırıq ki, özlərini yaxşı tərəfdən göstərməklə başqa kluba da keçə bilər. Heç kimin qarşısı alınmır. Eyni zamanda yerli futbolçular da yetişir. Əvəzedici komandada çıxış edən futbolçuların əksəriyyəti əsas komanda ilə məşq edənlərdir. Bu gün komandaya verilə mükafatın məbləğindən asılı olmayaraq, futbolçular bununla qane olurlar. Razılaşmasalar, deyərdilər mənə 100-200 manat yox, 1000-2000 manat ver. Mükafat sistemini pillə-pillə etmişik. Hər kəs bununla razılaşıb. Ardıcıl qələbələr sayəsində mükafatın məbləği də artırılacaq.

- Yerli gənclərə nə vaxt şans verməyi düşünürsüz?
- Gənclərin oyununu həm köməkçi məşqçilərim, həm də özüm izləyirəm. Meydana çıxanların hamısı nəzarətim altında olanlardır. 10 nəfər futbolçu var ki, bizimlə məşq edir, əvəzedicilərlə oyuna çıxır. Onlar arasında ötən il, eləcə də cari mövsümün əvvəlində əsas komanda ilə oynayanlar da var. Həmin gənclər öz vaxtlarını gözləyirlər. Sadəcə, rəqabət çox artıb. Bu gün meydanda təcrübəli futbolçulara ehtiyac var. Buna görə də həmin gəncləri meydana buraxa bilmirik.