Ordan-burdan
17.11.2012 - 00:01
Ordan-burdan
Millimiz Lixtenşteyndəki 2:0 hesablı nəticənin ardından daha bir səfər qələbəsi yazmağa yaxın idi. Maraqlıdır ki, Vadutsda olduğu kimi bu dəfə də “Qarabağ”ın futbolçusunun qələbədə izi olacaqdı...

Ancaq fərasətsiz futbolçularımızın “əməy”i Rauf Əliyevin oyun ərzində çəkdiyi bütün əziyyətin üstündən çarpaz xətt çəkdi. Halbuki, həmin Rauf Əliyev mətbuatda az tənqid olunmurdu, digərlərindən fərqli, klubunda az oynamaq şansı qazanırdı. Gökdəmirlər, özkaralar, yerdə qalmaq yox, futbol oynamaq lazım idi...

Görəsən, qapımıza vurulan qola qədər hesab 0:1 yox, 0:0 olsaydı belə, futbolçularımız vaxtı uzatmağa belə meyl edəcəkdilər? Bu sualın cavabı əminliklə “hə”dir. Axı milli Belfasta xal üçün getmişdi. Amma Lüksemburqun sentyabrda adadan xalla qayıtması futbolçularımızın Belfasta qələbə dalınca getməsinə səbəb olmalıydı. Raufun qolundan sonra yox, qoldan əvvəl qələbəyə ümidlənmək lazım idi...

Yox, əgər özünüzü Lüksemburqla bərabər tutub bu heç-heçəni istəyirdizsə, o zaman yersiz sarı vərəqə də alın, hələ vaxtı uzatmağa da cəhd edin. Ona görə də Səlahətin soyadaşı Kamranın yolu ilə gedərək sarı vərəqə almasını başa düşmək elə də çətin deyil. Səlahət, vaxt uzatmaq yox, cərimə zərbəsindən vurulan topun istiqamətini tutmaq lazım idi...

Milli ənənəsinə sadiq qalıb bizi yenə son dəqiqələrdə üzdü. Həmişə oyunlarına baxıb ölüb-ölümdən qayıtdığımız halda, bu dəfə milli bizi ölümdən qaytarmadı, ölümün dərinliyinə atdı. Devid Hili o vaxt olduğu kimi, yenə cərimə zərbəsindən fərqlənməklə futbolçularımıza əla dərs verdi. Halbuki, oyunçularımız bir neçə epizodda başını itirən irlandları cəzalandıra bilərdi. Topu arxaya atıb hücumu öldürmək yox, irəli atmaq lazım idi...

Təəssüflənməyə isə gərək yoxdu. Çünki ilahi ədalət futbolçularımızı enində-sonunda cəzalandırmalı idi. Qolun son dəqiqədə vurulması isə daha yandırıcı təsir bağışlamalı idi ki, belə də oldu.

Elə bilirsiz ki, tək futbolçularımızda günah var? Klublarımızda, hakimlərimizdə də günah heç az deyil...

“Kəpəz”in rəsmi saytı “Tərəqqi”ni reklam edir, bu komandaya dair xəbərləri yayır, “Tərəqqi”nin hələ tərəqqi üzü görməmiş futbolçularından az qala müsahibə təşkil edir. Heç kim də soruşmur ki, xeyir ola? “Kəpəz”in aşağı dəstə klubuna borcu var? Rəsmi tədbirlər zamanı isə həmin komanda ilə “Kəpəz”i heç nəyin bağlamadığı bildirilir. Amma kişi kimi çıxıb eyni sponsorun klubu himayəyə götürdüyünü demək lazım idi...

Ardıcıl üçüncü dəfə hakimin verdiyi vərəqələr cari mövsüm İntizam Komitəsi tərəfindən ləğv olunur. Biri də MOİK – “Qaradağ-Lökbatan” oyunundan sonra qeydə alınıb. Heç kim də soruşmur ki, ay Xaqani Məmmədov, nə məsələdi, məgər İntizam Komitəsinin sizinlə qəsd-qərəzliyə çıxıb? Ay Hakimlər Komitəsinin rəhbəri, səhvləri malalamaq yox, bir dəfə də mətbuatda yetirmələrinin səhv etdiyini etiraf etmək lazım idi...


Deyirlər, Böyükağa Hacıyev həddindən artıq “artırıb”. Buna haqq qazandırıram. Axı kişinin oğlu heç bir məşqçimizin nail olmadığı nəticəyə imza atıb. Futbolumuzun qarışqa yerişi ilə etdiyi inkişafı nəzərə alanda gələn il digər klublarımızın da qrup mərhələsinə düşəcəyi az inandırıcı gəlir. Belədə hələ uzun müddət Böyükağa Hacıyevin adı “qəhrəman” kimi hallandırılacaq. Amma bu məşqçi artıq Bakıdakı işlərini qurtarıb, indi də Rusiyaya keçib. Hacıyev şimal ölkəsində işləməkdən dəm vurur. Halbuki, menecerlərin arxasınca gələcəyini deyib özünü güldürməkdənsə, “Rubin”lə iki oyundan birində xal qazanmağın yollarını tapmaq lazım idi...

Sonda Samir Abasova da sözüm var. Adam “İnter”lə oyundan sonra verdiyi müsahibədə Səlahət Ağayevi nəzərdə tutaraq belə deyir: “Oyundan qabaq təmiz əhvalımızı salmışdılar. Əsas oyunçularımızdan ikisi zədəli idi. Əsas qapıçımız çıxıb dedi ki, "İnter"lə oyunda dura bilmərəm... Quran haqqı, təmiz əhvalımız pozulmuşdu”.

Yəqin bu adam hələ bilmir ki, Səlahət “İnter”ə məxsusdur və müqaviləsində “bankirlər”ə qarşı oynamamaq kimi bənd var. Bunu bilmək üçün neçə illərdir oynadığın “İnter”in azarkeşləri ilə söyüşmək yox, bu komanda ilə ilk dövrədəki birinci qarşılaşmaya diqqət yetirmək lazım idi. Onda görərdin ki, Səlahətin adı ilk oyunda da heç “18-liy”ə daxil edilməmişdi...

Səbuhi TOFİQOĞLU