Vladimir Levin: Hazırda çempionatımızda favorit yoxdur - MÜSAHİBƏ
18.11.2012 - 12:01
Vladimir Levin: Hazırda çempionatımızda favorit yoxdur - MÜSAHİBƏ
“İnter”in kapitanı, Azərbaycan yığmasının milliləşdirilən ukraynalı müdafiəçisi Vladimir Levin apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

- Millimiz Şimali İrlandiya ilə səfər oyununda qələbəni son saniyələrdə əldən buraxsa da, hər halda, Böyük Britaniyadan xalla dönməyini tarixi nəticə saymaq olar...
- Ümumilikdə götürdükdə, bu, pis nəticə deyil. Şimali İrlandiya ilə onun meydanında heç-heçə etmək yaxşıdır. Ancaq nəzərə alsaq, qələbəni son dəqiqələrdə əldən verdik, bu, bizi çox məyus etdi. Qalib gələrdik, ancaq təəssüf...

- Böyük britaniyalıların üstünlüyü sayılan hava mübarizələrində əsas güc sizə düşürdü...
- Onlarla havada mübarizə aparmaq həqiqətən çətindir. Onlar buna hazırdırlar və özlərini həmişə çox rahat hiss edirlər. Haradasa hava mübarizələrində qalib gəlirdik, ancaq razıyam ki, çox vaxt uduzurduq. Əvəzində mövqe planında əvvəlki oyunlarla müqayisədə çox yaxşı oynadıq. Bu, nəticəsini verdi və qol vurduq. Rəqib qapısına yol tapmaq üçün daha 3 imkanımız vardı. Ancaq bundan yararlanmaq alınmadı.

- Ardıcıl 2-ci oyundur müdafiənin mərkəzində zədəli Rəşad Sadıqov yox, Ruslan Abışovla birgə oynayırsınız. Onunla duetiniz necə alınır?
- Fikrimcə, bu 2 oyunu pis oynamadıq. Təəssüf ki, hər ikisində qolu son dəqiqələrdə buraxdıq. Bu, üzücüdür.

- Özü də hər ikisində standart vəziyyətlərdən qapımıza qol vuruldu. Sonda qol buraxmağımız konsentrasiyanı itirməklə bağlıdır?
- Bilmirəm. Məncə, hazırkı vəziyyətdə sadəcə, bəzi futbolçuların təcrübəsizliyi öz sözünü dedi. Həmin epizodda qayda pozuntusu etmək vacib deyildi. Qapıçımız “canlı cəddi” düzgün qurmadı, daha doğrusu, mövqeyi düzgün seçmədi. Ancaq bu, gəncliyin nəticəsidir, təcrübə ilə hər şey qaydasına düşəcək. Qorxulu heç nə yoxdur.

- Oyunda qapımızı qoruyan Səlahət Ağayevi hələ “İnter”ə oynadığı vaxtdan yaxşı tanıyırsınız. Sizcə, onda gələcəkdə millimizin əsas qapıçısı olmağa, Kamran Ağayevi əsas heyətdən çıxışdırmağa potensial varmı?
- Mən bu suala birmənalı cavab verə bilmərəm. Əgər üzərində çox işləsə, şansdan istifadə edə bilər. Kamran da çox yaxşı qapıçıdır. Bəli, Səlahət gəncdir, onda potensial var. Məşqlərdə çox işləməyə çalışır, irəliləyişi aydındır. Qalan qapıçılarımız – Anar Nəzirov, Andrey Popoviç də gəncdirlər və irəli getmələri görünür. Onların əsas qapıçı olmaq şansından istifadə edib-edəcəklərini isə bilmirəm. Bunda Kamrandan da, digər qapıçılardan da çox şey asılıdır.

- Artıq uzun müddətdir millimizin şərəfini qoruyursunuz. Demək olar ki, Şimali İrlandiya ilə oyundakı nəticə ən çox yaddaqalanlardan biri olacaq?
- Fikrimcə, hə. Bu, oynadığım matçlar arasında ən xoş nəticələrdəndir. Bakıya yaxşı nəticə ilə qayıtdıq. Özü də yola 6 saat vaxt sərf etdik ki, bu da yaddaqalan andır.

- Hakimliyi necə dəyərləndirərdiniz? Hakim yığmamıza ilk sarı vərəqəni sizə göstərdi...
- Bu, hakimliklə danışığa görə oldu. Ona qədər vəziyyət olsa da, hakim fit vermədi. Ancaq məncə, orda qayda pozuntusu vardı. Bundan 2 dəqiqə sonra mənim epizodunda dərhal fitini səsləndirdi. Mən emosiyalarımı saxlaya bilmədim, narazılığımı bildirdim. Üstəlik, o da rus dilini yaxşı başa düşür və mənə sarı vərəqə göstərdi.

- O, ukraynalıdır, yəni həmyerlinizdir. Üstəlik, sizin kimi əslən Odessadandır...
- Mən bunu bilmirdim. O, odessalıdır, mən də oralıyam.

- Onu Ukraynadan tanıyırdınız?
- Yox. Mənim onunla şəxsi tanışlığım yoxdur.

- Onun ötən mövsüm I divizionda qalmaqallı idarəçiliyi olmuşdu...
- Mən bunu bilirəm. Mətbuatdan oxudum ki, bu, “Sevastopol”un Zaporojye “Metallurq”u ilə oyununda olub. Həmin matçda əllə saydığı qol narazılıq doğurub.

- Sizcə, o, bu dəfə də nəticəyə təsir göstərən səhv etdi?
- Düzü, bilmirəm də. Əlbəttə, istənilən halda, qol nəticəyə təsir göstərdi. Hakim başqası olsaydı, ola bilər ki, nəticə başqa cür olardı. Ancaq o, oyunu belə idarəçilik etdi.

- Onun 2-ci hissəyə əlavə etdiyi 6 dəqiqə çox deyildi?
- Məncə, yox. Həqiqətən 2-ci hissədə oyunun dayanmağı halları çox idi. Elə ilk hissədə də. Buna görə 6 dəqiqəni normal sayıram.

- Oyunun həlledici anı fasilədən sonra əlimizə düşən real qol imkanı oldu ki, onda da hücumçumuz Cihan Özkara təkbətəkdən istifadə edə bilmədi...
- Bəli. Fikrimcə, onda qol olsaydı, bizə oyunun qalan hissəsində qat-qat asan olacaqdı. Onda rəqibin motivasiyası da az olacaqdı.

- Artıq yığma üçün il başa çatdı və bütün diqqətinizi kluba yönəldəcəksiniz. Kapitanı olduğunuz “İnter”in cari mövsümdə gələcək perspektivini necə görürsünüz?
- Əlbəttə, qarşıda çox oyunlarımız var. Elə bu il xeyli matça çıxacağıq. Qış fasiləsinə yaxınlaşırıq. Hazırda 1-ci yerdəyik və ilk olaraq fasiləyə kimi bu mövqeyimizi qorumaq istərdik. Ancaq turnir cədvəlinin yuxarısında sıxlıq böyükdür. Gərək hər oyunda qələbəyə maksimum köklənəsən, vəssalam. Fikrimcə, hər xal qızıla bərabər olacaq. Kim daha çox çalışsa, az xal itirsə, o da yaza kimi, həlledici oyunlarda özünü daha rahat hiss edəcək. Buna görə biz liderliyimizi qorumaq üçün çox çalışmalıyıq.

- Yəni kimin çempion olacağı haqda danışmaq hələ çox tezdir...
- Əlbəttə. Razıyam ki, bütün komandalar xal itirərək, turnir cədvəlində tez-tez yerdəyişmələr edir. Bunun nəticəsində çempionat çox maraqlı keçir və hələ heç nə demək olmaz. Bütün mübarizə hələ qabaqdadır. Hazırda çempionatımızda favorit yoxdur. Hələ heç bir komanda görmürəm ki, mükafatçılar sırasına düşəcəyini əvvəldən desin.

Mehman SÜLEYMANOV