Millimiz üçün qisas anı
20.11.2012 - 13:22
Millimiz üçün qisas anı
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi 2013/14 mövsümünün Avropa çempionatının ilkin seçmə mərhələsində qisas almaq imkanı əldə edib. Apasport.az saytının məlumatına görə, bu gün İsveçrənin Nyon şəhərində atılan püşk Sissi Raytın yetirmələrini vaxtilə uduzduğu 2 rəqibə qarşı qoyub.

Qazaxıstanla əvvəllər görüşməyən U-17 üçün Polşa və Avstriya tanış komandalardır. Bu yığmaların hərəsi ilə 1 dəfə görüşən futbolçularımız hər 2 halda böyük hesabla uduzublar. Özü də həm polşalılar, həm də avstriyalılar millimizi 4 qola qonaq edib.

2007/08 mövsümündə Avropada debüt edən komandamız məhz Polşada meydana çıxmışdı. Meydan sahibləri ilə 2-ci turun matçında qarşılaşan futbolçularımız beynəlxalq arenada ilk böyükhesablı məğlubiyyəti də onda almışdı – 0:4.

Avstriyalılarla duel isə cəmi 22 gün əvvəl olub. Bu ölkədəki ilk oyununda meydan sahibləri ilə görüşən millimiz 1:4 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, bu dəfəki seçmə mərhələnin meydan sahibinin adı hələ dəqiqləşməyib.