“Yaxşı ki, qolu son dəqiqələrdə buraxdıq” - MÜSAHİBƏ
20.11.2012 - 13:52
“Yaxşı ki, qolu son dəqiqələrdə buraxdıq” - MÜSAHİBƏ
Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Zədənizlə bağlı vəziyyət necədir?
- Yaxşıdır. Artıq 4-5 gündür komanda ilə bir məşq edirəm. Düzdür, ağrılar tam keçməyib. Ancaq həkimlər belə zədələr üçün bunu normal sayır və növbəti turda oynamağıma icazə verib.

- Deməli, yaxın vaxtda qayıdışınızı görə biləcəyik...
- Hazırda formada deyiləm ki, bunu da oynamaqla aradan qaldırmaq olar. Hər şey məşqçilərlə söhbətdən asılı olacaq. Bu dəfə olmasa, artıq növbəti turda hazır olub, meydana çıxa bilərəm.

- İntizam Komitəsinin bugünkü iclasında “Simurq”la oyunda hakimin qərarına etiraz etdiyiniz üçün 1 oyunluq cəzalanıbsınız və bu səbəbdən növbəti turda “Turan”la noyabrın 25-də keçiriləcək matçda istənilən halda meydana çıxa bilməyəcəksiniz...
- Mən həmin epizodda hakimin qərarına etiraz etməmişdim. Sadəcə, ayağa qalxdığıma görə məni “texniki zona”dan kənarlaşdırdılar.

- “Qarabağ” ardıcıl 3-cü dəfə meydanı qalib tərk etdi. Artıq komandanız turnir cədvəlində 2-ci pilləyə yüksəlib...
- Bu, bizim üçün sevindiricidir. İnşallah, qələbələrimizin davamının gəlməyinə çalışacağıq. Bizi çempionatda qarşıda çətin oyunlar gözləyir. Hər xal qızıla bərabər olacaq və bunun üçün vuruşmaq lazım gələcək.

- Ötən il millidə ən çox oyun keçirən futbolçu kimi mükafata layiq görüldünüz. Bu dəfə isə mükafata iddiaçılar eyni sayda oyun keçirən Ruslan Abışovla Rauf Əliyevdir...
- Bu, elə nominasiyadır ki, ən çox oyun keçirən avtomatik qalib olur və seçim etmək lazım gəlmir. Rauf millidə həlledici qol vuran futbolçulardandır. O, bunu son oyunumuz olan Şimali İrlandiyada nümayiş etdirdi. Ruslan da millinin aparıcı futbolçularındandır. O, sabit oyun nümayiş etdirir. Ümumiyyətlə, bu il Abışov üçün uğurlu oldu, “Neftçi” ilə çempionluq qazandı.

- Bəs ilin ən yaxşı futbolçusuna namizədləriniz kimlərdir?
- Fikrimcə, bu il parıldayan futbolçularımız azdır. Ötən il ilin ən yaxşı futbolçusuna 3-4 namizəd vardı. Əvvəllər də namizədlər çox olurdu. Ancaq bu il fərqlidir. Aparıcı futbolçular sabit oynamırlar, öz oyunlarını nümayiş etdirə bilmirlər ki, seçimlə bağlı rəqabət olsun.

- Bu il ən böyük uğurumuz ilk dəfə Avroliqanın qrupuna düşməyimiz oldu. Sizcə, buna imza atan “Neftçi”nin yerli futbolçularından üstünlük qazanacaqmı?
- Ola bilər. Cavid İmamverdiyev üçün bu il uğurlu keçdi. “Neftçi”də uğurlu çıxışı, həlledici qolları ilə yanaşı, yığmamızda 3-4 dəfə fərqləndi. Kapitan Rəşad Sadiqovun da “Neftçi”nin qrupa düşməyində az əməyi olmadı.

- Bəs özünüz, millimiz üçün bu ili nə dərəcədə uğurlu sayırsınız?
- Hesab edirəm ki, bu il şəxsən mənim üçün elə də uğurlu olmadı. Zədə üzündən millinin son oyunlarında meydana çıxa bilmədim. Klubla da uğur qazana bilmədik, mükafatçılar, avrokuboklara vəsiqə qazananlar sırasından kənarda qaldıq. Buna görə də yay bizim üçün boşa getdi. Ən yadımda qalan oyun millinin İsrail yığması ilə 1:1 hesablı bərabərliyə qaldığı matç oldu. Həmin matçda oynadım və sevindiricidir ki, güclü rəqibə məğlub olmadıq. Millimiz üçünsə bu ili uğurlu sayıram. Ardıcıl çətin səfər oyunları keçirdik. Bu il 4 oyundan 3-ü rəqib meydanında oldu ki, qazanılan 2 xalı yaxşı nəticə sayıram.

- Təbii ki, Şimali İrlandiya yığması ilə səfər oyununda qələbə daha yaxşı olardı. Ancaq son saniyələrdə buraxdığımız topla qələbəni əldən verməyimiz hamımız üçün üzücü oldu...
- Sözsüz ki, buna mən də üzüldüm. Şimali İrlandiyaya qalib gəlsəydik, indi 4 xalımız olardı. Bu zaman tam başqa ab-havada, əhval-ruhiyyədə olacaqdıq. Ancaq yaxşı ki, qolu elə son dəqiqələrdə buraxdıq.

- Niyə?
- Çünki belə rəqiblərlə oyunda qolu daha tez – 15-20 dəqiqə qalmış buraxanda, daha çətin olur. Bu zaman rəqibi təzyiqi daha da artırır və onda daha bir top buraxıb, 1 xalı da qazana bilməzdik. Ancaq irlandiyalıların qolu vurandan sonra qələbə topunu vurmağa vaxtı qalmadı.

Mehman SÜLEYMANOV